Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone 5S” gözlənildiyi kimi dayanıqlı deyil (VİDEO)
Zəmanət müddəti bitdikdən sonra elektron qurğulara xidmət göstərilməsi üzrə ixtisaslaşmış "SquareTrade" şirkəti "Apple"ın yeni smartfonlarını araşdırıb. Məlum olub ki, "iPhone 5S" əvvəlki modellə müqayisədə fiziki zədələrə qarşı daha az dayanıqlıdır.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, sözügedən araşdırmada "iPhone 5S", "iPhone 5C", "iPhone 5", "Galaxy S4" və "Moto X" smartfonları sınaqdan keçirilib. Bu cihazları müxtəlif üsullarla (1.5 metrdən asfaltın üzərinə vurublar, 10 saniyə müddətində suda saxlayıblar, hamar səthin üzəri ilə sürüşdürüblər) yoxlayıblar. Sınaqlardan sonra smartfonlar on ballıq şkala üzrə qiymətləndirilib.
Sınaqların yekununa görə, "iPhone 5" smartfonu "5S" və "5C" modelləri ilə müqayisədə daha dayanıqlı olub. "Galaxy S4" heç bir sınaqdan üzüağ çıxmayıb. "Google" şirkətinin "Moto X" smartfonu ən etibarlı qurğu olub.
"Biz ümid edirdik ki, iPhone modellərindən heç olmasa biri sınaqlardan tamamilə keçəcək, lakin belə olmadı" – "SquareTrade" şirkətindən Kelvin Çilan qeyd edib. Araşdırmanın yekununa görə, il ərzində yeni "iPhone" smartfonlarının 23%-i zədələnəcək. Statistikaya əsasən, 2007-2013-cü illərdə britaniyalı istifadəçilər smartfonların təmirinə 1.2 milyon funt xərcləyiblər. İnsanların 8%-i sınıq ekranlı telefondan istifadəyə davam edir.
Emil Hüseynov
24/09/13 Çap et