Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AzTU-da texnologiyaların yayılması menecmenti üzrə layihənin tətbiqinə başlanılır
Azərbaycan Texniki Universitetinin Ukrayna Milli Texniki Universiteti ilə müştərək hazırladığı "Texnologiyalar transferi menecmenti üzrə tədris proqramının MDB dövlətlərində - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova və Özbəkistanda yayılması" haqqında beynəlxalq layihəsi Ukrayna Elm-Texnologiya Mərkəzinin keçirdiyi müsabiqədə qalib gəlib.
AzTU-dan verilən məlumata görə, Amerika Birləşmiş Ştatları Dövlət Departamenti və Avropa İttifaqının maliyyələşdirdiyi bu layihə bir il müddətində yerinə yetiriləcək. Layihə çərçivəsində görüləcək işlərə Ukrayna Elm-Texnologiya Mərkəzi nəzarət edəcək.
Layihə intellektual mülkiyyət hüquqları, biznesin təşkili və həyata keçirilməsi, texnologiyaların yayılması menecmenti üzrə tədris-məsləhət mərkəzlərinin yaradılmasını nəzərdə tutur.
Azərbaycan Texniki Universitetində layihənin həyata keçirilməsi ilə bağlı treninqlərə başlanılıb.
Layihə ilə bağlı keçirilən ilk toplantıda onun rəhbəri - Azərbaycan Texniki Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı bu sənədin qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışıb.
CAHANGİR
27/09/13 Çap et