Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasına ünvanlanan ismarış: “Növbəti onillik “Genişzolaqlı rabitə onilliyi” olacaq”
Bu gün dünyada genişzolaqlı rabitədə simsiz dövr başlayıb, amma kasıb ölkələr prosesdən geridə qalır. Bu məlumat sözügedən sahədə ölkələrdəki vəziyyəti təhlil edən BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasının son nəşrlərində yer alıb.
Komissiyanın məlumatına görə, genişzolaqlı mobil (hərəkətli) rabitə texnologiyası bəşəriyyət tarixində ən tez, sürətli inkişaf edən texnologiyadır. Belə ki, istifadəçilərin smartfon, planşet, portativ kompüterlər vasitəsilə internetə çıxışını, "Wi-Fi"-a qoşulmalarını təmin edən genişzolaqlı mobil rabitə müqavilələrinin sayı hər il 30 faiz artır. 2013-cü ilin sonuna hərəkətli, genişzolaqlı rabitə birləşmələrinin miqdarı ənənəvi bərkidilmiş genişzolaqlı rabitə xətlərinin miqdarını üç dəfə üstələyəcək.
Qeyd edək ki, ölkələrin genişzolaqlı rabitə xidmətlərindən istifadəyə əlçatanlığı 2011-ci ildə Genişzolaqlı rabitə üzrə komissiyanın müəyyənləşdirdyi dörd ən mühüm göstərici əsasında təyin edilir. Komissiyanın 2015-ci ilə qədər qarşıya qoyduğu iddialı, amma nail olunması mümkün olan hədəflərə əsasən, ölkələr genişzolaqlı rabitə siyasətini universallaşdırmalı, bu xidmət anlayışlarının daxil olduğu milli plan və strategiyaya malik olmalıdırlar.
Digər hədəfə görə, inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitə üzrə qiymətlərin münasib, əlverişli olması üçün tədbirlərin görülməsi irəli sürülür və bu rəqəm orta aylıq gəlirlərin 5 faizindən artıq olmamalıdır. Hazırda Azərbaycanda müvafiq rəqəm isə 2,5 faizdir. Eyni zamanda inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 40 faizinin 2015-ci ilə qədər internetə çıxışı təmin edilməlidir. Bu gün Azərbaycanda analoji göstərici 67 faiz təşkil edir. Növbəti hədəf əhalinin internetlə təminatıdır ki, bu məqsədə görə, 2015-ci ildə dünyada internet istifadəçilərinin sayı 60 faizə, inkişaf etməkdə olan ölkələrdə 50 faizə, az inkişaf etməkdə olan ölkələrdə isə 15 faizə çatmalıdır. Azərbaycanda bu gün internet istifadəçiləri üzrə göstərici 70 faiz təşkil edir.
Qeyd edək ki, internet istifadəçilərinin sayına görə beynəlxalq hesabatlarda yüksək yerlərdə qərarlaşan, eyni zamanda MDB ölkələri arasında liderliyi əldə saxlayan Azərbaycanda genişzolaqlı internetin inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. 2012-ci ildə ölkə prezidentinin hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün ölkənin hər bir yaşayış məntəqəsində, hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi hazırlanıb.
Layihə üzrə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi həyata keçiriləcək.
Eyni zamanda 2015-ci ildən etibarən əhalinin Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/ sürətli genişzolaqlı internetlə təmin ediləcəyi nəzərdə tutulur.
"Elektron hökumət" həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması layihənin əsas məqsədidir. Layihə Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək və ümumi dəyəri təqribən 433 milyon manat təşkil edir. Dünyanın rəqəmli inkişafı üçün Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibinin BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasına ünvanlandığı ismarışda da qeyd olunduğu kimi, növbəti onillik "Genişzolaqlı rabitə onilliyi" olacaq.
Həqiqət İSABALAYEVA
27/09/13 Çap et