Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransa “Google” şirkətini 300 min avro cərimələyib


Fransa “Google” şirkətini 300 min avro dəyərində cərimələyib. Bu qərar  internet nəhənginin məlumatların təhlükəsizlik qaydalarını pozması ilə izah edilib. Fransanın hökumət agentliyi rəsmən bildirib ki, “Google” bu ilin iyununda çıxarılmış qərara ciddi əhəmiyyət verməyib. Sözügedən qərara əsasən, internet nəhənginə istifadəçi informasiyasının saxlanılmasının Fransa qanunlarına uyğunluğunu təmin etmək üçün üç ay müddət verilmişdi.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Fransanın kompüter texnologiyaları üzrə Milli Komissiyasının (CNIL) bəyanatına əsasən, “Google” istifadəçi informasiyasının saxlama müddətini, onlardan istifadə qaydaları və saxlanılma yerini açıqlamayıb.
 
Həmçinin “CNIL”-dən bildirilib ki, cərimə ilə yanaşı, ölkədə “Google” ilə bağlı rəsmi araşdırmaya başlanılacaq ki, bu da Amerika şirkətinə baha başa gələ bilər.
 
Emil Hüseynov




28/09/13    Çap et