Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti “iOS 7” platformasındakı boşluğu aradan qaldırıb
“Apple” şirkəti “iOS 7” mobil əməliyyat sistemi üçün yeniləmə paketi çıxarıb. O, daha əvvəl aşkar edilmiş ekranın bloklanması boşluğunu aradan qaldırır.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, boşluq sayəsində qurğuya qoyulmuş parolu bilmədən “iPad” və ya “iPhone” cihazlarında fotoşəkillərə baxmaq mümkün idi. Bunun üçün müəyyən hərəkətlər ardıcıllığını yerinə yetirmək lazım idi.
Yeniləmə paketi “iOS 7.0.2” adlanır. Onu yükləmək üçün sazlamalar menyusuna, daha sonra "Əsas" bölməsinə daxil olmaq və "Proqram təminatının yenilənməsi" bölməsini seçmək lazımdır. Yeniləmə paketinin ölçüsü təxminən 20 meqabayt təşkil edir.
Xatırladaq ki, “iOS 7” əməliyyat sistemi sentyabrın 18-də çıxarılıb. İlk beş gün ərzində o, 200 milyondan çox qurğuya quraşdırılıb.
Emil Hüseynov
30/09/13 Çap et