Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İKT ili”ndə aparılan işlər çərçivəsində ali təhsil müəssisəsinin 50 dərs otağına “Ağıllı” lövhə quraşdırılıb
Ölkəmizdə bu ilin “İKT ili” elan olunması bu sahəyə olan diqqəti daha da artırıb. Elmi texnoloji yenilikləri ilə seçilən Qafqaz Universiteti də bu sahədə yeniliklərə imza atır. Yeni tədris ilində “Suret Eyitim A.Ş” tərəfindən universitetin 50 dərs otağına “Ağıllı” lövhə quraşdırılıb. Bu barədə məlumat verən universitetdən bildirilib ki, “ağıllı” lövhələr bir sıra üstünlüklərə malikdir: “Lövhənin yaddaşına kitablar, videolar və digər dərs vəsaitləri yerləşdirilir. Eyni zamanda internetə bağlanır. Tədris olunan dərslər yaddaşa yazılır, dərsdən sonra istəyən tələbə həmin dərsin videoyazısını özünə götürə bilir”.
“Ağıllı” lövhənin idarə edilməsi ilə bağlı universitetə dəvət olunmuş mütəxəssis Onur Şahin tərəfindən seminar da keçirilib. Mütəxəssis qeyd edib ki, interaktiv lövhələr dərs prosesində interaktiv şəklə çevrilir. Əvvəl lövhələrdən ancaq yazı üçün istifadə olunurdusa, yeni lövhələrdən görüntülü istifadə etmək də mümkündür. İstənilən dərs vəsaitinin, proqramların elektron versiyası yüklənir və dərs prosesində istifadə olunur.
Qafqaz Universitetinin ingilis dili müəlliməsi Vüsalə Hüseynovanın sözlərinə görə, interaktiv lövhələrdən istifadə ilk növbədə vaxtdan daha səmərəli istifadə etməyə şərait yaradır: “Eyni zamanda dərslər daha maraqlı və rəngli olur. Xüsusən qrammatika dərslərində lövhənin rəng imkanlarından istifadə etmək tələbələrin dərsi yaxşı mənimsəməsini təmin edir”.
Qeyd edək ki, interaktiv lövhə slaydları, videonu göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəklin üstündə qeydlər etməyə, hər dəyişikliyi daxil etməyə və onları kompüter faylları qismində sonra redaktə etmək üçün yaddaşda saxlamağa, printerdə çap etməyə, faks və yaxud elektron poçt vasitəsilə göndərməyə imkan verir. İstifadəsi olduqca rahat olan elektron lövhənin digər müsbət cəhətlərinə gəlincə, o, animasiya imkanı yaradır, real vaxtda çəkilən şəkillərə baxmaq və mühazirələri yazmaq olur.
Bütün interaktiv elektron lövhədə yazılan fikirlər kompüterdə etibarlı saxlanılır və ardıcıllıqla bərpa edilə bilər. Ümumiyyətlə, interaktiv texnologiyalar təhsildə, təbabətdə, biznesdə, siyasətdə və cəmiyyətin digər fəaliyyət sahələrində öz tətbiqini tapır.
Həqiqət İSABALAYEVA
30/09/13 Çap et