Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Delta Airlines” aviaşirkəti pilotlar üçün 11 min planşet alacaq



ABŞ-ın nəhəng "Delta Airlines" aviadaşıyıcısı "Microsoft" korporasiyasından şirkətin pilotları üçün 11 min ədəd "Surface 2" planşet kompüter modelini almağı planlaşdırır.  "Delta" nümayəndələri bildirir ki, planşetlər pilotların uçuş zamanı tez-tez istifadə etdikləri ağır kitab və xəritələri əvəz edəcək. Qeyd edək ki, ABŞ-ın digər iri aviaşirkətləri, o cümlədən "American Airlines" və "United Airlines" bu məqsədlər üçün "iPad" planşet modelini seçiblər.  
Aviaşirkət nümayəndələri həmçinin əlavə ediblər ki, "Surface" planşetlərindən istifadə böyük həcmli kağız ədəbiyyatının daşınması, alışı, surətinin çıxarılması və məhv edilməsi ilə bağlı 13 milyon dollar məbləğində müxtəlif xərclərə qənaət etməyə imkan verəcək. Hazırda şirkətin hər pilotu özü ilə uçuşa təyyarənin təlimatı və digər materiallarla əlaqədar11 kiloqramlıq texniki sənədlər toplusunu götürmək məcburiyyətindədir.   

Şirkət nümayəndələrinin sözlərinə görə, "Delta" planşetləri "Boeing 757" və "Boeing 767" təyyarələrini idarə edən pilotlar qrupunda sınaqdan keçirmək niyyətindədir. Bundan başqa, o da bildirilir ki, aviaşirkət ABŞ Federal Aviasiya İdarəsinə planşetlərin pilotlar üçün mütləq həll kimi sertifikatlaşdırılması üçün müraciət edəcək.


Planşetlərdən istifadə həmçinin pilotlara aeroport və aviaşirkətlərin texniki xidmətləri ilə internet vasitəsilə uçuş məlumatlarını mübadilə etməyə və uçuş zamanı təyyarənin göyərtəsində baş verə biləcək fövqəladə hallar haqqında məlumat verməyə imkan verəcək, -  "Cybersecurity www.cybersecurity.ru" yazır.      
 




02/10/13    Çap et