ABŞ-da federal idarələrin saytları büdcə böhranına görə işini dayandırıb
Oktyabrın 1-dən başlayan yeni maliyyə ili ABŞ-da ölkənin səhiyyə sistemində islahatlarla bağlı respublikaçılar və demokratlar arasında yaranan fikir ayrılığı səbəbindən konqres tərəfindən təsdiq olunmamış dövlət büdcəsi ilə qarşılanıb.
Büdcə böhranı ilə əlaqədar bir sıra hökumət idarələrinin işi, eləcə də dövlət tərəfindən maliyyələşdirilən bəzi nazirliklərin saytlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Belə ki, hazırda ABŞ Təyyarəçilik və Kosmik Məkanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) saytına çıxış yoxdur və idarə əməkdaşlarının əksəriyyəti müvəqqəti olaraq ödənişsiz məzuniyyətə göndərilib. Bundan başqa, vətəndaşların suallarının cavablandırılmayacağı barədə xəbərdarlığın yerləşdirildiyi Ağ Evin saytı yenilənmir. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (US Department of Homeland Security) saytı da vətəndaşlara elektron yazışmanı dayandırıb, məzuniyyətə çıxarılan dövlət qulluqçuları isə indi idarələrin saytında elektron poçta çıxış imkanından məhrum olunub. Bununla yanaşı, ABŞ Kənd Təsərrüfatı Nazirliyi (US Department of Agriculture) və ABŞ Əhalinin Siyahıya Alınması Bürosu (US Census Bureau) daxil olmaqla digər idarələrin saytlarına da çıxış yoxdur.
Federal idarələrin işinin dayandırılması “Anti-Deficiency Act” qanunu ilə tənzimlənir. Qanuna əsasən, işdən müvəqqəti uzaqlaşdırılan dövlət qulluqçularına mobil qurğularla və uzaq məsafədə yerləşən kompüterə qoşulmaqla da əmək fəaliyyətini həyata keçirmək qadağandır. Həmçinin bu qanunla çərşənbə axşamından etibarən ABŞ vətəndaşlarının Ədliyyə Nazirliyi daxil olmaqla hökumət idarələrinə müraciətlərinin emalı dayandırılıb.
Bundan əlavə, böhranla əlaqədar əksər dövlət layihələri müvəqqəti dayandırılıb, dövlət park və muzeyləri bağlanılıb.
Böhranın nə vaxtadək davam edəcəyi hələ ki məlum deyil, - “3DNews
www.3dnews.ru” yazır.