Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Azərbaycanda İKT sahəsində yürüdülən dövlət siyasəti, bu sektorun gələcək illərdə də prioritet istiqamət kimi önə çəkilməsindən söz açan nazir Əli Abbasov qonağı milli, regional layihələr, o cümlədən "İnformasiya-kommunikasiya texnologiyaları ili"ndə həyata keçirilən tədbirlərlə bağlı məlumatlandırıb. Avropa Birliyinin üzvü kimi, Niderland Krallığının İKT sahəsində ön sıralarda olmasına da diqqət çəkən nazir ölkələrimiz arasında bu sahədə münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcud olduğunu, eyni zamanda Krallığın təcrübəsindən ölkəmizdə istifadənin mümkünlüyünü bildirib.
Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərlə tanış olduğunu deyən səfir xüsusən İKT sahəsində sürətli inkişafa nail olunduğunu qeyd edib. Ölkəsinin bu sahədə keçdiyi inkişaf yoluna da diqqət çəkən diplomat "4G" texnologiyalarından istifadənin genişləndirilməsi, "start-up"ların inkişafı üçün hökumət tərəfindən yaradılan əlverişli şərait, xüsusən İKT-nin tətbiqi ilə Hollandiyanın böyük "Filips" şirkətinin əldə etdiyi uğurlardan söz açıb.
Ölkələrimiz arasında bu sahədə davam edən yaxın əməkdaşlıqdan, o cümlədən Niderlandın "Elsevier" nəşriyyatının Azərbaycan bazarına artan marağından da danışan R.Qabrielsenin sözlərinə görə, "Azərpoçt" şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı bu yaxınlarda Dünya Bankı ilə İsveçrə hökumətinin birgə keçirdiyi tenderdə qaliblər sırasında holland şirkəti də var. 2-5 dekabr tarixlərində keçiriləcək "Bakutel" sərgisi və sərgi çərçivəsində "Kibertəhlükəsizlik üzrə konfrans"ında (Global Cyber Security Cooperation: Challenges and Visions) Niderland tərəfinin iştirakı ilə bağlı işlərin aparılacağını da bildirən səfir qarşılıqlı dostluq münasibətlərinin bundan sonra da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib.
03/10/13 Çap et