Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Səyyar poçt xidmətlərinin göstərilməsi üçün regional poçt filialları da avtonəqliyyatla təmin ediləcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasını davam etdirir. Bu istiqamətdə aparılan tədbirlərdən biri də poçt şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlıdır.
“Azərpoçt” MMC-də baş direktorun müavini Sübhan Kazımov bildirib ki, MMC-nin təşəbbüsü ilə ölkə əhalisinə qısa vaxt çərçivəsində yüksək səviyyədə xidmət göstərmək üçün “Mobil Xidmət” xidmət növü fəaliyyətə başlayıb:
“Bunun üçün xüsusi modernləşdirilmiş avtonəqliyyat maşınları alınıb. Bu nəqliyyat vasitələri mobil, yəni səyyar poçt xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulur. “Mobil Xidmət” vasitəsilə artıq respublikanın poçt şöbəsi olmayan ərazilərində əhali poçt xidmətlərindən, eyni zamanda, maliyyə xidmətlərindən rahat istifadə edə biləcəklər. Bu məqsədlə nəqliyyat vasitələrində POS-terminallar quraşdırılıb, kompüterlə təchiz edilib, sistem avadanlıqları şəbəkəyə qoşulub. Bir sözlə, poçt sistemində istifadə olunan istənilən texniki avadanlıqlar bu maşınlarda mövcuddur. Xüsusilə nəqliyyat vasitələrinin fövqəladə hallar zamanı, poçt xidmətlərinin istifadəsinin mümkün olmadığı şəraitdə fəaliyyəti nəzərdə tutulub. Eyni zamanda fövqəladə hallardan başqa, səyyar poçt xidmətləri bu gün ehtiyac yaranan istənilən rayonda da göstəriləcək, yəni bu xidmətlərin göstərilməsi üçün istənilən nöqtəyə gedəcəyik”.
Hələlik ilk mərhələdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin vəsaiti hesabına 2 maşın alınıb. Növbəti mərhələdə bu sayın artırılması gözlənilir:
“Məlum olduğu kimi, “Azərpoçt” MMC-nin 10 regional poçt filialı var. Gələcəkdə hər regional filiala ilkin olaraq, bir avtonəqliyyat maşının alınıb verilməsi nəzərdə tutulur ki, həmin regionlarda ehtiyac duyulan ərazilərdə əhaliyə poçt xidmətlərinin göstərilməsi təmin edilsin. Artıq oktyabrın 4-dən etibarən səyyar poçt xidmətlərinin göstərilməsinə başlanılacaq”.
Onu da qeyd edək ki, artıq “Azərpoçt” MMC-nin internet səhifəsi üzərindən müxtəlif kommunal, mobil, stasionar telefon, kabel TV və internet provayderlərin ödənişlərinin həyata keçirilməsi mümkündür.
Həqiqət İSABALAYEVA
03/10/13 Çap et