Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni nəsil hesablama texnikası üçün topoloji izolyatorlarla bağlı tədqiqatlar aparılır
AMEA Fizika İnstitutu Yaponiyanın "SPring" Beynəlxalq Tədqiqat Mərkəzi ilə birgə topoloji izolyatorlarla bağlı eksperimental və nəzəri tədqiqatlar aparır. AMEA-dan verilən məlumata görə, bu haqda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin dünənki iclasında AMEA Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov bildirib.
İnstitut direktoru və fizika üzrə fəlsəfə doktoru Zakir Cahangirlinin həmmüəllifi olduqları "Yeni nəsil hesablama texnikası üçün spin-polyarlaşmış sistemlər: topoloji izolyatorlar" mövzusunda elmi məruzədə institutun İnnovasiya sektorunda əldə olunmuş yeni nəticələr haqqında məlumat verilib.
Topoloji izolyatorların (Tİ) kəşfinin əhəmiyyətindən danışan Z.Cahangirli bu kəşfin bərk cisimlərin kvant fizikasında yeni eranın başlanğıcını qoyduğunu bildirib: "Tİ-nin kəşfi fizika və kimya sahəsində intensiv tədqiqatların aparılmasına təkan verdi. Bu sahədə dünyanın qabaqcıl elmi mərkəzlərində mühüm araşdırmalar aparılır. Müxtəlif materialları və ya səthləri ayıran inter-səthlərin rolu, spin-polyarlaşmanın yaradılması və ölçülməsi, spin-koherentliyinin uzun müddət saxlanılması problemlərinin həllinə yönəlmiş bu tədqiqatlar yeni spintronik tətbiqlər üçün fundamental əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, mövcud problemlərin həlli Tİ materiallarının yeni nəsil spintronikada, kompüter texnologiyasında praktiki tətbiqinə yol açır.
Tədbirdə bu sahədə aparılan tədqiqatların inkişaf etdirilməsi təqdirəlayiq hesab edilib. Tədqiqatların genişləndirilməsi və gənc alimlərin xarici ölkələrdə təcrübə keçməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul olunub.
Həqiqət İSABALAYEVA
04/10/13 Çap et