Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkəti maliyyə hesabatını dərc edib


Tayvanın “HTC” şirkəti bu gün üçüncü rübün nəticələrini dərc edib. Adıçəkilən istehsalçının yeni smartfonlarına tələbatın azalması fonunda şirkət analitiklərin gözləntilərindən daha aşağı nəticə göstərib.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin zərəri 2,97 milyard Tayvan dolları (101 milyon ABŞ dolları) təşkil edib. Analitiklər isə 1,71 milyard Tayvan dolları dəyərində zərər gözləyirdilər.


Ekspertlər deyiblər ki, bu ilin yazında istehsal edilmiş “HTC One” flaqman smartfonu ilk öncə bazara tədarükdə ləngiyib, daha sonra isə istehsalçının hesabladığı diqqəti özünə cəlb edə bilməyib və bu da xeyli miqdarda zərərlə nəticələnib. Bundan başqa şirkətdən bildirilib ki, onlar  "texnologiya dalğası"ndan geri düşüblər və hazırda texnologiya yeniliklərinin buraxılışı planında rəqiblərinə uduzurlar.

Şirkətin hesabatına əsasən, üçüncü rübdə onun əməliyyat zərəri 3,5 milyard Tayvan dolları, satış həcmi isə 47 milyard Tayvan dolları təşkil edib. Qeyd edək ki, şirkət artıq ardıcıl səkkiz rüb zərərə məruz qalır. “HTC” şirkəti artıq 2,8% bazar payı ilə dünyanın doqquzuncu smartfon istehsalçısıdır.

Emil Hüseynov




04/10/13    Çap et