Regionlarda viki-təlimlərə başlanır
“VikiHərəkat” çərçivəsində keçirilən “Vikipediya” ilə bağlı təlimlərin ikinci mərhələsinə start verilir. Belə ki, oktyabr ayının 19-da Xaçmaz (Şimal regionu üzrə), oktyabrın 26-da Lənkəran (Cənub regionu üzrə), noyabrın 2-də Şirvan (Mərkəz regionu üzrə) və noyabrın 9-da Gəncədə (Qərb regionu üzrə) “VikiTəlim”lər keçiriləcək. Təlimlərdə iştirak etmək üçün
ƏRİZƏ FORMASINI doldurmaq tələb olunur.
Təlimlərdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək.
Bundan başqa, təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzularda da məlumatlandırılacaqlar. İştirakçılar praktiki tapşırıqlar da yerinə yetirəcəklər.
Sözügedən təlimlər sentyabr ayında Bakı şəhərində keçirilmiş “Təlimçilərin təlimi”ndə iştirak etmiş “Vikipediya”çılar tərəfindən aparılacaq. Yerli təlimçilərə dəstək üçün “VikiHərəkat” layihəsinin koordinatorları ilə yanaşı, “Vikipediya”nın aktiv istifadəçiləri Nihat Vəlizadə və Eyyub Ziya da təlimlərdə iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur.
“Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.
Həqiqət İSABALAYEVA