Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” ilin sonuna kimi ingilisdilli ölkələrdə “iTunes Radio”nu təqdim edəcək
"Apple" şirkətindəki mənbələr bildirirlər ki, "iTunes Radio" servisinin ABŞ sərhədindən kənarda yerləşən ingilisdilli ölkələrdə genişləndirilməsi 2014-cü ilin əvvəlində planlaşdırılıb.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, burada ilk növbədə Böyük Britaniya, Kanada və Avstraliyadan söhbət gedir. Servisin genişlənməsi bazar liderləri olan "Pandora Media" və "Spotify" şirkətlərinə daha ciddi rəqabət yaradacaq.
"Apple" şirkətindəki mənbələr bildiriblər ki, "iTunes Radio" servisi Avstraliya və Yeni Zelandiyada 2014-cü ilin yanvarında başlanmalıdır. Gələn ilin yazında isə bu servis Skandinaviya regionunda istifadəyə veriləcək, lakin burada lisenziya məhdudiyyətlərinə görə zəruri aydınlıq əldə edilməyib.
Məlumdur ki, dünya üzrə yayılmaya görə "Apple" şirkəti "Pandora" və ya "Spotify"dən daha sürətlə irəliləyir, çünki birinci əsas rekord-laybları ilə beynəlxalq hüquqlar üzrə sazişlərə malikdir, o cümlədən "Warner" və "Universal Music", halbuki digər servis təchizatçılarında bu hüquqlar lokaldır.
Bu günlərdə "Apple" şirkətinin internet bölməsinin rəhbəri Eddi Kyu "iTunes Radio"nun startından məmnun qalıb və onu bütün dünyada çox tez zamanda əlçatımlı etmək niyyətindədir.
"Bizim əsas prioritetlərimizdən biri – "iTunes Radio"nu qlobal səviyyədə əlçatımlı etməkdir. Biz bu servisi 100- dək ölkədə buraxmaq niyyətindəyik",- deyə o bildirib.
Xatırladaq ki, "Apple" bu musiqi yayımı servisini sentyabrda, iOS 7.0 əməliyyat sistemi ilə bir vaxtda istifadəyə verib. Baxmayaraq ki, "iTunes Radio" şəbəkə radio bazarına yetərincə gec çıxıb, hazırda servisin 11 milyon istifadəçisi var.
Qeyd edək ki, "iTunes Radio" ilə rəqabət aparan "Pandora" və "Spotify" servislərinin müvafiq olaraq 72 və 24 milyon istifadəçisi var. "Spotify" və "Pandora" əlavə proqram kimi "iPhone"da mövcuddur, baxmayaraq ki, bütün yeni "iPhone" modelləri öncədən "iTunes Radio" ilə təchiz edilirlər.
Kyunun fikrincə, hazırda internet-yayım bazarında bütün şirkətlər üçün yer var, baxmayaraq ki, "Apple" burada lider olmaq niyyətindədir.
"Biz əhəmiyyətli dərəcədə diqqət çəkirik, bir çoxları bizə müraciət edərək qüsurları göstərirlər, nələrisə tövsiyə edirlər. Bizim məqsədimiz keyfiyyətli radiostansiyalar yaratmaqdır. Keyfiyyət məsələsi həmişə unikal məsələdir, buna görə burada universal resept yoxdur", - deyə o bildirib.
Aynur Vəliyeva
08/10/13 Çap et