“Microsoft”un antivirus proqramı 150 milyon kompüterdə quraşdırılıb
“Microsoft” korporasiyası istehsal etdiyi antivirus proqram həllərinin dünyada 150 milyondan çox fərdi kompüterdə quraşdırılmasını açıqlayıb. Korporasiya nümayəndələrinin sözlərinə görə, fərdi kompüterdə təhlükəsiz işin təmini üçün nəzərdə tutulan məhsulların keyfiyyəti son 2 ildə xeyli yaxşılaşıb.
Belə ki, “Microsoft”da informasiya təhlükəsizliyinin müxtəlif aspektlərinə məsul olan bir sıra yeni bölmələr yaradılıb. Tarixi baxımdan onlardan birincisi, vəzifəsi korporasiyanın məhsullarında təhlükəsizlik problemlərinin həllindən ibarət olan İnsidentlərə Reaksiya Mərkəzi (Microsoft Security Response Center) (MSRC) olub.
Sonradan korporasiyanın satın aldığı antivirus texnologiyaları tərtibatçılarının bazasında korporasiyanın antivirus məhsullarının işinə məsul olan Zərərli Proqramlardan Mühafizə Mərkəzi (Microsoft Malware Protection Center) (MMPC) formalaşdırılıb.
ABŞ istehsalçısının nümayəndələri bildirirlər ki, “Microsoft” “Windows” əməliyyat sisteminin baza mühafizə vasitələrini təqdim edir. Antivirus almaq istəməyən istifadəçilər bu vasitələrə güvənə bilər.
“Gartner” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2012-ci ildə kompüter təhlükəsizliyinin təmini üçün dünya fərdi kompüter bazarında əldə olunan mədaxil 19,2 milyard dollara çatıb ki, bu da bir il əvvəldən 7,9 faiz çoxdur, - “DailyComm
www.dailycomm.ru” yazır.