Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan “PC-Axis” proqramından istifadə ilə bağlı Moldovada keçirilən təlimdə təmsil olunub


Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) nümayəndələri Avropa Azad Ticarət Assosiasiyasının təşkilatçılığı ilə Moldovanın Kişinyov şəhərində “İstifadəçilərin rahatlığına yönəldilmiş statistik məlumatların yayılması və PC-Axis proqramından istifadə edilməsi” mövzusunda təşkil olunmuş təlim kursunda iştirak edib.
 
 
DSK-dən verilən məlumata görə, təlimdə komitəni Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi müdirinin müavini Çimnaz Əliyeva, Məlumatların yayılması şöbəsinin sektor müdiri Azər Əhmədov və Baş Hesablama Mərkəzinin Veb texnologiyalarının tətbiqi şöbəsi müdirinin müavini Elgün Xəlilzadə təmsil edib.
 
 
Təlim kursunun təşkilində texniki dəstək - məruzəçilərin təmin edilməsi, kursun təşkili və digər məsələlərlə bağlı təchizat Norveç və Danimarka Mərkəzi Statistika İdarələrinin əməkdaşları tərəfindən göstərilib. Tədbirin keçirilməsində əsas məqsəd “PC-Axis” proqramının təqdimatı, kriteriyaları, son nailiyyətlərin öyrənilməsi, müzakirəsi və məlumat istifadəçilərinin rahatlığının təmin edilməsi üçün müxtəlif vizual alətlər və geniş istifadə olunan metodlar üzərinə diqqəti cəlb etmək olub. Təlimdə Azərbaycan da daxil olmaqla Albaniya, Belarus, Bosniya, Xorvatiya, Serbiya, Moldova, Gürcüstan, Ukrayna, Türkiyə və Ermənistanın milli statistika qurumlarının nümayəndələri iştirak ediblər.
 
Təlimdə milli statistika orqanlarının məlumatların yayılması sahəsində siyasətə və
statistik məlumatların buraxılışı təqviminə malik olmasının vacibliyi qeyd olunmaqla yanaşı bildirilib ki, dəvət olunmuş 11 ölkədən yalnız Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində məlumatların yayılması sahəsində siyasəti vardır. Təşkilatçıların təlim kursu üçün hazırlanmış təqdimatlarında komitənin məlumatların yayılması sahəsində siyasətindən, bəzi sxematik diaqramlardan istifadə edilib.
 
CAHANGİR




11/10/13    Çap et