Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda noyabrda “Startup Günləri” keçiriləcək


Azərbaycanda noyabr ayının əvvəlində “Startup Günləri” keçiriləcək və bu tədbirdə yeni İT biznesə başlayanlar və başlamaq niyyətində olanlara dəstək məsələsinə xüsusi diqqət yetiriləcək.

Azərbaycan İnternet Forumunun rəhbəri və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü Osman Gündüzün “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, startup tərtibatçıları üçün təlimlər keçiriləcək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrantlarından istifadə qaydaları haqqında məlumatlar veriləcək, Silikon Vadisində səfərdə olan yerli startupçıların məlumatları dinləniləcək, uğurlu milli startup rəhbərləri ilə görüşlər təşkil olunacaq və yeni formalaşan startup komandalarının yarışları təşkil olunacaq.

Xatırladaq ki, “Start-Up Azərbaycan” layihəsi bu ilin mart ayında fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı internet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.


Aynur Vəliyeva




12/10/13    Çap et