Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sistemindən istifadə edənlərin sayı artır



Azərbaycanda  yaşa görə  əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sistemindən istifadə edən vətəndaşların sayı artmaqdadır. Belə ki, sistemin tətbiq olunduğu 3 ay ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 558 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.
 
11 oktyabr 2013-cü il tarixə olan statistikaya əsasən, təyinatı aparılan şəxslərin 184 nəfəri Bakı şəhərində, 374 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Fonddan bildirilib ki, yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına 11 iyul 2013-cü il tarixdən etibarən başlanılıb: “Bu sistem Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir.
 
Sistemin üstünlüyü ondan ibarətdir ki, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan  və vaxt itirmədən “190-0 Cağrı Mərkəzi” nə zəng vuraraq real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır”.
 
 
Qeyd edək ki, Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatı Prezident  İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq  həyata keçirilir.
 


Həqiqət İSABALAYEVA




14/10/13    Çap et