Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan MR-in poçt sistemində informasiya texnologiyalarının tətbiqi genişləndirilib
Bu gün Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyalarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, Naxçıvan rabitəsi sürətli inkişaf dövrünü yaşayır. Muxtar Respublikanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bu, poçt rabitəsinin inkişafında da müşahidə olunur. Son illər poçt xidmətlərinin keyfiyyəti xeyli dərəcədə yüksəldilmiş, poçt rabitəsinin texniki imkanları genişləndirilib.
İnformasiya texnologiyalarının tətbiqi poçt sahəsində ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmət növlərinin də göstərilməsini zərurətə çevirib. Belə ki, ölkəmizdə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi müasir informasiya texnologiyalarının tətbiqinə, poçt sisteminin yenidən qurulmasına, qeyri-ənənəvi və yeni tipli elektron xidmətlərin göstərilməsinə şərait yaradıb. Layihəyə uyğun olaraq, muxtar respublikada 88 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, qurulan kompüterlər lazımi proqram təminatı ilə təchiz edilmiş, əməliyyatların emalı və idarə edilməsi üçün məlumat hesablama mərkəzi yaradılıb.
Yeni xidmətlərin göstərilməsi üçün poçt əməliyyatçılarına, energetika, qaz və su təsərrüfatı müəssisələrinin işçilərinə kurslar təşkil edilmiş, kursdan müvəffəqiyyətlə keçənlərə sertifikatlar verilib. 2013-cü ilin iyul ayının 1-dən etibarən Naxçıvan şəhərində, oktyabr ayının 1-dən isə rayon mərkəzlərində kommunal xidmət haqlarının poçt məntəqələrində yığılmasına başlanılıb. Həmçinin poçt məntəqələri vasitəsilə kənd yerlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi və müştərilərə genişhəcmli xidmətlər göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Muxtar respublikada poçt sahəsinin müasir tələblər səviyyəsində qurulması sahəsində görülən işlər bu sistemin maddi-texniki bazasının gücləndirilməsi ilə məhdudlaşmır. Poçt orqanlarının fəaliyyətinin genişləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirib. Həmin sərəncama əsasən, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnaməsi və ştat strukturu təsdiq edilib.
Muxtar respublikanın poçt şöbələrində beynəlxalq və ölkədaxili pul baratlarının göndərilməsi və qəbulu tamamilə kompüter vasitəsilə həyata keçirilir. Bununla yanaşı, internet üzərindən rabitə xidməti haqlarının ödənilməsi təşkil edilib. Əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin daha da yüksək səviyyədə təşkil edilməsi üçün muxtar respublikada teleqram və maniqramların göndərişi və qəbulu da təkmilləşdirilmiş, bu xidmətlər “Colvir” sistemi üzərinə köçürülmüş, əməliyyatçılara sistem üzrə kurslar keçirilib.
Poçt rabitəsinin müasirləşdirilməsi, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edir. Muxtar respublikanın kəndlərində kompleks quruculuq işləri aparılarkən rabitə xətləri də yenilənir, kənd mərkəzlərində müasir rabitə evləri yaradılır, poçt xidməti təkmilləşdirilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisində son 10 ildə 64 yeni poçt bölməsi fəaliyyətə başlamış, mövcud poçt bölmə və şöbələrinin 106-sı yeni binalara köçürülüb. Görülən işlərin nəticəsidir ki, bu ilin ötən 9 ayında muxtar respublika poçt şəbəkələrinin ünvanına 102 min 275 kiloqram çəkidə bağlama daxil olmuş, 15 min 417 kiloqram çəkidə bağlama göndərilib. Pul baratlarının ödənişi 8 milyon 453 min 710 manat, qəbulu 4 milyon 940 min 845 manat təşkil edib.
Poçt xidmətinin həcminin artırılması ilə əlaqədar olaraq, beynəlxalq poçtdaşıma işlərinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Muxtar respublika ərazisində beynəlxalq poçtdaşımaları həyata keçirmək üçün “Express Mail Servis”, DHL beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir ki, bu da məktubların, sənədlərin və malların ən qısa zamanda göstərilən ünvana etibarlı çatdırılmasını təmin edir, göndərişlərin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə imkan verir.
CAHANGİR
14/10/13 Çap et