Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Məktəbi”nin yaradılması nəzərdə tutulub
Bakıda noyabrın 7-9-da "Startup Azərbaycan" layihəsi çərçivəsində "Startup Günləri" keçiriləcək.
Azərbaycan İnternet Forumundan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Startup Günləri"nin əsas məqsədi yeni startupların yaradılmasına kömək etmək, yeni formalaşmaqda olan startupçıları, startup komandalarını internet bazarın spesifik xüsusiyyətləri ilə tanış etmək, startupçılar arasında əlaqələri gücləndirməkdir.
"Startup Günləri"ndə yeni fəaliyyətə başlayan startupçılar üçün təlimlərin keçirilməsi, onların uğurlu startup layihələrin rəhbərləri ilə görüşlərinin təşkili və yeni ideyalar ətrafında startup komandalarını formalaşdırmaqla yeni startup layihələrinin hazırlanması nəzərdə tutulur.
Komandalar iştirakçılar arasından seçilməklə formalaşdırılacaq. Bu startup komandalarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə İT və internet biznes sahəsində tanınmış mütəxəssislərdən – "mentor"lardan ibarət ekspert qrupları formalaşdırılacaq. Komandaların hazırladığı layihələrin yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunacaq.
"Startup Günləri"ndə internet biznesi qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc startapçılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar, dizaynerlər iştirak edə bilər.
"Startup Günləri" çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və özəl sektorun nümayəndələri, İT mütəxəssisləri, uğurlu startup rəhbərləri, texnoparkların təmsilçiləri iştirak edəcəklər.
"Startup Günləri"nin gedişində davamlı olaraq fəaliyyət göstərən "Startup Məktəbi"nin yaradılması nəzərdə tutulur. "Startup Məktəbi"ndə gənc startupçılar üçün internet biznesin inkişafı və spesifik xüsusiyyətləri, investorların tapılması və onların sərmayə yatırımı ilə bağlı inam yaradılması istiqamətində təlimlərin keçirilməsi planlaşdırılıb.
"Startup Günləri"nin 3 gün davam edəcəyi nəzərdə tutulub.
Xatırladaq ki, "Startup Günləri"nə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Yüksək Texnologiyalar Parkı" dəstək verir. "Startup Günləri"nin baş sponsoru "Bakcell" şirkətidir. "İnfi Pro" şirkəti də "Startup Günləri" layihəsinin dəstəkçisidir.
Aynur Vəliyeva
17/10/13 Çap et