Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəsimi adına Dilçilik İnstitutunun yeni strukturunda “Kompüter dilçiliyi” şöbəsi də yer alıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Nəsimi adına Dilçilik İnstitutunun yeni strukturunu təsdiq edib. AMEA-nın prezidenti, akademik A.Əlizadə Rəyasət Heyətinin iclasında akademiyada struktur islahatlarının davam etdirildiyini bildirib:
 
 “Ölkə Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azər­bay­can dilinin qlobal­laş­ma şəraitində zamanın tələblərinə uyğun is­tifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda qloballaşma döv­rünün tələblərinə uyğun olaraq, AMEA-nın Dilçilik İnstitu­tunun struk­tu­ru­nun təkmilləşdirilməsi və maddi-texniki baza­sının müasirləşdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, institutun yeni strukturunun layihəsi hazırlanıb”.
 
 
AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla iclas iştirakçılarını institutun yeni elmi-tədqiqat şöbələri və qurumları ilə tanış edib. Yeni strukturda Müasir Azərbaycan dili, Dil tarixi və dialektologiya, Nəzəri dilçilik, Tətbiqi dilçilik, Türk dilləri, Hind-Avropa, Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi və Monitorinq elmi-tədqiqat şöbələri yer alıb. Bundan əlavə, institutda elmi-yardımçı qurumlar sırasında "Türkologiya" və "Dilçilik İnstitutunun əsərləri" jurnallarının redaksiyaları da fəaliyyət göstərəcək.
 
 
Həqiqət İSABALAYEVA




17/10/13    Çap et