Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” şirkəti qolbaq formasında kompüteri patentləşdirəcək
“Engadget” yazır ki, “Nokia” şirkətinin ABŞ Patent Qurumuna təqdim etdiyi müraciətdə qolbaq şəklində mobil qurğu təsvir edilib. Qolbağın hər bir həlqəsinə sensor ekran quraşdırılıb.
Ekranların hər biri müxtəlif informasiyanı əks etdirir. Müraciətə əlavə edilmiş illüstrasiyada ekranların birində poçt proqramı, başqa birində fotoşəkil, başqasında isə messencer açılıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qolbaq üçün müraciət (№20130271495) 2012-ci ilin avqustunda təqdim edilib və 2013-cü il oktyabrın 17-də qurumun saytında dərc edilib. Təsvirə əsasən, qurğu, həmçinin mobil telefon funksiyalarını yerinə yetirə bilər.
Qolbaq haqqında materialın dərcindən sonra qurğunun istehsalçılarından biri Kent Layons “Engadget” texno bloqu ilə əlaqə saxlayıb. O deyib ki, qolbaq yalnız "kağız" üzərində deyil, “Nokia” şirkətində qurğunun hazır prototipi var.
Prototipin kod adı “Facet” adlanır və ekranlara malik altı həlqədən ibarətdir. İstifadəçi ekranlardan birində açılmış tətbiqi digərinə keçirə bilər.
Qurğunun istehsal tarixi məlum deyil. Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Nokia” şirkəti öz mobil biznesini “Microsoft” şirkətinə satıb.
Emil Hüseynov
18/10/13 Çap et