Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli Təhlükəsizlik Agentliyi Meksika prezidentini izləyib


Almaniyanın "Der Spiegel" nəşri Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snoudenin açıqlamalarını dərc etməyə davam edir. Onun bu dəfə jurnalistlərə təqdim etdiyi məlumatlara əsasən, Meksika hökuməti Amerika kəşfiyyatı tərəfindən izlənilib. Belə ki, Meksikanın keçmiş prezidentinin poçt yazışması diqqətlə oxunub və MTA mütəmadi oradan məxfi məlumatları ələ keçirib.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Meksikanın keçmiş prezidentinin elektron ünvanı açıqlanmayıb, həmçinin bildirilir ki, həmin poçt domenində hökumət məmurlarının başqa elektron ünvanları da olub. Snouden deyib ki, ölkə hökumətinin elektron ünvanlarına nəzarətin köməyi ilə kəşfiyyat qurumu daxili siyasətin xüsusiyyətləri ilə tanış olub.

Meksikanın keçmiş prezidenti Felipe Kalderonun elektron poçt qutusuna "Tailored Access Operation" əməliyyatı çərçivəsində müdaxilə olunub.

Agentlik ümumilikdə prezident və onun silahdaşları tərəfindən göndərilmiş 85489 mesaj ələ keçirib. O zaman kəşfiyyat qurumu poçt istifadəçilərinin ünvan kitabçaları haqqında məlumat əldə etmək üçün xüsusi proqram təminatı tətbiq edib.

MTA bazar günü bu məqalə ilə bağlı şərh verməkdən imtina edib.

Emil Hüseynov
 
 
 




21/10/13    Çap et