Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Analitiklər planşet və mobil telefonların tədarük həcminin artmasını proqnozlaşdırırlar


“Gartner” analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə müxtəlif elektron qurğu, həmçinin fərdi kompüter, planşet və mobil telefonların tədarük həcmi 4,5% artaraq 2,32 milyard olacaq.
Sözügedən göstəricinin 303 milyonunu ənənəvi FK (masaüstü kompüter və noutbuklar) təşkil edəcək ki, ilin nəticəsinə görə onların tədarük həcmi 11,2% azalacaq.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bu il planşet kompüterləri bazarının həcmi 42,7% artaraq 184 milyon olacaq. Analitiklər kiçik ölçülü qurğuların populyarlığını qeyd ediblər və öz qərarlarını Braziliya, Çin, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, ABŞ və Yaponiyadan 21,5 min istehlakçının iştirakı ilə keçirilmiş sorğunun nəticələri ilə əsaslandırırlar. Araşdırmaya əsasən, yuxarıda sadalanan ölkələrin respondentlərinin 47%-i 8 və daha aşağı düymlük ekran diaqonallı planşetlərdən istifadə edirlər.

Mobil telefon seqmentində də artım gözlənilir, onların tədarük həcmi 3,7% artmalıdır və 1,8 milyardı ötməlidir. Hərçənd mobil telefon bazarında sabit artım tempi saxlanılır, ekspertlərin diqqətini o cəlb edib ki, hazırda orta və aşağı qiymət kateqoriyalı smartfonların hesabına artım qeydə alınacaq. Oxşar tendensiya, həmçinin planşet seqmentində də müşahidə olunur.

Emil Hüseynov
 




22/10/13    Çap et