Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013” VII Beynəlxalq Konfrans öz işinə başlayıb
Bakı Dövlət Universitetində (BDU) "İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013" VII Beynəlxalq Konfrans öz işinə başlayıb. "AICT 2013" konfransı informasiya-kommunikasiya texnologiyaları (İKT) və xidmətləri barədə yenilikçi ideyaları və müxtəlif mövzuları müzakirə etmək üçün iş adamları, tədqiqatçılar, alimlər və sahə üzrə peşəkarları bir araya gətirmək üçün bir forumdur.
Qeyd edək, ki "AICT 2013" 7-ci Beynəlxalq Konfransı Bakı, Daşkənd və Tbilisi şəhərində keçirilən əvvəlki konfransların davamıdır. Budəfəki konfrans Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, BDU, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Texniki Universiteti ilə birgə təşkil olunur.
Konfransı açan rektor, akademik Abel Məhərrəmov deyib ki, yüksək texnologiyalar əsri adlandırılan XXI əsrdə post-sənaye ölkələrinin iqtisadiyyat və infrastrukturunun səviyyəsinin universal ölçüsünün İKT olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu amil hökumətin ardıcıl siyasəti nəticəsində telekommunikasiya, teleradio yayımı, internet-infrastruktur və ümumilikdə İKT sektorunda böyük uğurların əldə edildiyi Azərbaycan üçün də artıq uzun illərdir əhəmiyyət kəsb edir. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk qanunlar qəbul edilib, mobil rabitənin təşəkkülü üçün əlverişli şərait yaradılıb, ilkin internet-infrastruktur və s. formalaşdırılıb.
Təsadüfi deyil ki, 2013-cü il prezident İlham Əliyev tərəfindən "İKT ili" elan olunub. Ölkəmizdə bu sahədə bir çox vacib addımlar atılıb və əhəmiyyətli qərarlar verilib, İKT sahəsinin inkişafında böyük rol oynayan işlər görülüb. Ölkəmizin süni peykinin orbitə çıxarılması bu sırada müstəsna yer tutan xüsusi əlamətdar hadisədir və son illərdə Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da möhkəmlənməsində bu peykin müstəsna rolu vardır. İKT-yə hər zaman xüsusi önəm verən ölkə prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, "İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edib. Bu, həm biznes, həm də zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha geniş şəkildə istifadə etməliyik."
Daha sonra akademik Abel Məhərrəmov qeyd edib ki, Azərbaycanın İKT sektorunda dinamik inkişaf müşahidə edilir, yaxın gələcəkdə bu sahə energetika ilə yanaşı, ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri ola bilər. Ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş birinci və yeganə dövlətdir. Ümumilikdə isə Azərbaycan bu xarakterli strategiyanı qəbul edən azsaylı ölkələrdən biridir. Akademik Abel Məhərrəmov vurğulayıb ki, internet istifadəçilərinin say göstəricisinə görə Azərbaycan MDB ölkələri arasında liderdir və ümumdünya orta göstəricisini 2 dəfə üstələyir.
Konfransda 26 ölkədən dəvət edilmiş nümayəndələrin 105 məruzəsi, o cümlədən Azərbaycanın müvafiq elm və təhsil müəssisələrinin nümayəndələri tərəfindən təqdim edilmiş məruzələr dinləniləcək.
Həqiqət İSABALAYEVA
23/10/13 Çap et