Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT TŞ Model Konfransı birgə layihənin uğurla həyata keçirildiyini təsdiq edir
Bakıda təşkil edilən Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı öz işini davam etdirir. İkigünlük konfrans öncəsi təlim seminarından sonra iştirakçılar oktyabrın 23-də Azərbaycan Diplomatik Akademiyasında Təhlükəsizlik Şurasının simulyasiyasını həyata keçirmək üçün rol oyununa start veriblər.
Tədbir iştirakçılarını salamlayan ADA-nın icraçı prorektoru Fariz İsmayılzadə Model Konfransın Azərbaycan üçün əhəmiyyətindən bəhs edib və iştirakçılara uğurlar arzulayıb. İki gün davam edəcək simulyasiya oyununda tədbir iştirakçıları kibertəhlükəsizlik mövzusu ətrafında debatlara qoşulacaq, yaranmış böhran üzrə qətnamələr qəbul edəcək və problemin həlli yolları üçün ümumi çərçivəni müəyyənləşdirməyə səy göstərəcəklər.
Model Konfransının obyekti kibertəhlükəsizliyin pozulması səbəbindən böhranla üzləşmiş “Afrikada yerləşən Tobanqo” ölkəsidir. Razılaşdırılmış sülh planının bəzi müddəalarının ictimaiyyətə sızması ilə ölkədə gedən vətəndaş müharibəsi daha da qızışmış və Təhlükəsizlik Şurasının üzv ölkələrindən həmin böhranın həlli yollarının tapılması tələb olunur.
Bu model şura real BMT Təhlükəsizlik Şurası kimi günün istənilən saatında toplaşa, müzakirələr keçirə və müvafiq qərarlar qəbul edə bilər. Təhlükəsizlik Şurasının prezidentlik vəzifəsi beynəlxalq ekspert xanım Hannah Musaya həvalə edilib. Müzakirələrin nəticəsində məsələ ilə bağlı yekun qətnamə veriləcəyi və onun səsə qoyulacağı gözlənilir. Rəsmi bağlanış mərasimində konfrans iştirakçıları beynəlxalq dərəcəli sertifikatla təltif ediləcəklər. Bundan sonra, BMT Təhlükəsizlik Şurasını təmsil edən ölkələrin mədəniyyət gecəsi keçiriləcək.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Model Konfransı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının “Gənclərin qərar qəbuletmə və dövlət siyasətinin həyata keçirilməsində iştirakı” adlı birgə layihəsi çərçivəsində təşkil edilmişdir. Bu konfrans layihənin uğurla həyata keçirilməsinə və gənclərin qərar qəbuletmə bacarıqlarının inkişafına töhfə verdiyini göstərir.
Həqiqət İSABALAYEVA
23/10/13 Çap et