Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda startuplarla bağlı portal yaradıldı


Azərbaycanda  informasiya-kommunikasiya texnologiyalarının inkişafı bir çox yeni fəaliyyət sahələrilə yanaşı, startup layihələrinin də yaranmasına və həyata keçirilməsinə səbəb olub. Artıq onların arasında uğur gətirən layihələr də onlarladır. Bu səbəbdən də ölkədə statrup layihələrindən bəhs edən, onların fəaliyyətini işıqlandıracaq yeni sayt – “1net.az” yaradılıb. 
 
Bu barədə “ICTnews” xəbər xidmətinə adıçəkilən portalın rəhbəri, startupçı Orxan Əhmədov məlumat verib. Onun sözlərinə görə, “1net.az” layihəsi əsasən Azərbaycan startupları, biznes və texnoloji inkişaf haqqında məlumatların yayımlanması üzrə ixtisaslaşmış kontent sistemidir: “Bloqun əsas məqsədi Azərbaycan gənclərinin biznes startap layihələrini işıqlandırmaq, maarifləndirmək və eyni zamanda bu terminologiya ilə yeni tanış olan şəxslərə daha çox məlumat verərək, öz startup layihələrini qurmaqda yardım etməkdir”.
 
 
O.Əhmədovun sözlərinə görə, layihənin əmələ gəlməsinin əsas səbəbi, ölkəmizə son 1-2 ildə bir neçə uğurlu startup layihənin yaranması, startup müsabiqələrin keçirilməsi və təbii olaraq həm yerli, həm də xarici investorların Azərbaycan startup bazarına marağının artmasıdır:
 
“Hazırda layihəmiz onda iştirak etmək istəyən hər kəs üçün açıqdır, yəni öz startup layihəsi, maraqlı məqalə və yaxud xarici veb-resurslardan uyğun mövzuları tərcümə edərək paylaşmaq istəyən hər bir kəs iştirak edə bilər. Layihədə həm startup sahibləri, həm texnoparklar, həm də müstəqil ekspertlər öz məqalələrini paylaşa və müsahibə verə bilərlər. Yerli startaplar və texnoloji xəbərlərlə paralel, bu sahəyə uyğun dünya xəbərləri və maraqlı məqalələr də paylaşılacaq”.
Portalda bir sıra bölmələrin yaradıldığını önə çəkən O.Əhmədov onların vasitəsilə lazımi məlumatlar əldə edilməyin mümkünlüyünü ifadə edib:
 
“Bizim işimiz birbaşa biznes ilə bağlıdır. Ona görə də “Biznes” bölməsində həm yerli, həm xarici biznes xəbərləri, maraqlı məlumat və məqalələr yer alacaq. “Startup” bölməsində isə zəmanəmizin ən vacib mövzusu və təbii aparıcı qüvvəsi haqqında məlumat əldə edilə biləcək. Bu bölmədə həm ideyası olanlar, həm də yeni startup layihələr, həm də kraş testlər yer alacaq. İnanıram ki, ən qaynar bölmə olacaq. “Sosial Media”da isə sosial şəbəkələr və onlarla bağlı müxtəlif növ məlumat və xəbərlər toplusu cəmlənəcək. “Texno”da  adından da göründüyü kimi, texnologiya, mobil və kompüterlər yenilikləri haqqında məlumatlar olacaq. “Şəxsi inkişaf” isə iş adamı olmaq istəyən, startup layihəsi olan hər bir şəxs üçün mütləq maraqlı bir bölmə olacaq”.
 
Seymur Qasımbəyli
 
 
 
 




24/10/13    Çap et