Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ədliyyə naziri: “Əhaliyə göstərilən elektron xidmətlərin daha geniş tətbiqi ədliyyə işçilərinin üzərinə mühüm məsuliyyət qoyur”


Dövlət başçısının korrupsiya və rüşvətxorluğa qarşı qəti mübarizənin aparılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, informasiya-kommunikasiya texnologiyalarının, “E-hökumət”in formalaşdırılması, əhaliyə göstərilən elektron xidmətlərin daha geniş tətbiqi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və s. məsələlər üzrə konkret tapşırıqları ədliyyə işçilərinin də üzərinə əlavə mühüm məsuliyyət qoyur.
 
Bu fikri ədliyyə naziri Fikrət Məmmədov Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, ötən dövrdə respublikamızın hərtərəfli, o cümlədən sürətli sosial-iqtisadi tərəqqisi təmin olunaraq ölkəmiz liderlər sırasına çıxmış, həmçinin ədliyyə və məhkəmə sistemi də xeyli təkmilləşdirilib. Nazirliyin funksiya və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişlənib, Ədliyyə Akademiyası, müxtəlif reyestrlər, regional ədliyyə şöbələri, xüsusi notariat institutu fəaliyyətə başlamış, vətəndaşların ədliyyə və məhkəmə orqanlarına müraciət imkanları xeyli asanlaşıb, yeni regional məhkəmələr yaradılıb, hakimlərin sayı 2 dəfə artırılıb, infrastruktur müasirləşdirilib.
 
 
Kollegiyada ölkə Prezidentinin qarşıda qoyduğu vəzifələrin və tələblərin ədliyyə orqanlarında dürüst və dönmədən icrasını təmin etmək, o cümlədən ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, ən yeni infrastrukturun yaradılması və qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının, xüsusilə elektron ədalət mühakiməsinin tətbiqi, ədliyyə işçiləri tərəfindən qulluq etikası və davranış norma və prinsiplərinə ciddi riayət olunması, Ədliyyə Akademiyasının imkanlarından səmərəli istifadə olunmaqla ədliyyə işçiləri və hakimlərin tədrisinə diqqətin artırılması üzrə konkret tədbirlər müəyyən olunub.
 
 
Həqiqət İSABALAYEVA




25/10/13    Çap et