Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli Təhlükəsizlik Agentliyi İtaliya hökumətini izləyib
ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) və Böyük Britaniya Hökumət Rabitəsi Mərkəzi İtaliya hökumətinin daxili kommunikasiya sistemi və ölkənin hərbi qurumlarının izlənilməsi ilə məşğul olub. Bu haqda “The Guardian” qəzetinin keçmiş jurnalisti Qlen Qrinuoldanın sözlərinə istinadən İtaliyanın “L'Espresso” jurnalı 24 oktyabr buraxılışında yazıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Qrinuoldanın sözlərinə görə, MTA, həmçinin İtaliya telekommunikasiya şirkətlərinin şəbəkələri üzrə ötürülən məlumatları da toplayıb. Qrinualda MTA tərəfindən İtaliyada tətbiq edilmiş izləmə proqramlarının təfərrüatlarını yaxın bir neçə həftə ərzində elan edəcəyinə dair söz verib.
İtaliyanın baş naziri Enriko Letta oktyabrın 23-də ABŞ hakimiyyətindən İtaliya vətəndaşlarının MTA tərəfindən izlənilməsinə dair məlumatları yoxlamağı xahiş edib. Lettanın sorğusuna cavab olaraq ABŞ-ın dövlət katibi Con Kerri deyib ki, ABŞ bu sahədə "əməkdaşlığa hazırdır" və hazırda MTA-nın Avropadakı fəaliyyəti ilə bağlı bütün məsələlər Vaşinqtonun nəzarəti altındadır.
Xatırladaq ki, MTA tərəfindən hazırlanmış internet istifadəçilərinin izlənilməsi proqramları haqqında 2013-cü ilin yayında məlum olub. Xüsusi xidmət orqanlarının ABŞ, Latın Amerikası və Avropadakı fəaliyyəti haqqında məxfi informasiyanı MTA-nın keçmiş əməkdaşı Edvard Snouden mətbuata ötürüb.
Emil Hüseynov
25/10/13 Çap et