Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan dili qloballaşma şəraitində İKT vasitəsilə qorunur
“Milli Məclis “Dövlət dili haqqında” qanunun təkmilləşdirilmiş variantını yaxın zamanlarda qəbul edib. Bu sənəd mövcud olan müəyyən çatışmazlıqları aradan qaldırır. Təbii ki, bizim ən uğurlu sənədimiz “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”dır.
Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş bu proqram həm milli xüsusiyyətləri, həm də qloballaşmanın təsirini çox aydın izah edir”.
Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsi üçün verdiyi müsahibəsində söyləyib. Deputatın sözlərinə görə, ən mühüm məsələlərdən biri budur ki, dövlət və cəmiyyət arasında dilin qorunması ilə bağlı əlaqə gücləndirilir. Yəni informasiya-kommunikasiya texnologiyalarının istifadəsi və eləcə də “qaynar xətt”in yaradılması nəzərdə tutulub ki, insanlar harada dil ilə bağlı problem görsələr, müvafiq qurumlara məlumat verə biləcəklər.
Azərbaycanda İKT, iqtisadiyyat, ictimai-siyasi təfəkkürün yüksəliş həddində olduğunu vurğulayan N.Cəfərovun qənaətincə, bununla əlaqədar olaraq, Azərbaycan dilinin inkişafı məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Daha doğrusu, dil məsələsi milli, ictimai təfəkkürün və düşüncənin inkişafı fonunda diqqətdən kənarda qala bilməz. Onun sözlərinə görə, dünyada müşahidə edilməkdə olan qloballaşma prosesi şəraitində dilin qorunması və inkişaf etdirilməsi probleminə iki cür yanaşma mövcuddur:
“Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o cümlədən dilin qorunub saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin və onun dilinin dünyaya açıq olması məsələsidir. Axı onu da nəzərə almaq lazımdır ki, qloballaşma prosesi nəticəsində dilin istifadə edilməsi ilə bağlı bir sıra problemlər yaranır. Bəzi dünya dilləri yox olur, bəziləri isə güclü xarici təsirə məruz qalır. Buna görə də Azərbaycan dilinin qloballaşma dövründə qorunub saxlanması və inkişaf etdirilməsini vacib hesab edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan dili 50 milyondan artıq insanı bir-biri ilə birləşdirən bir atributdur. Buna görə də bu amil dilin inkişaf etdirilməsi işi ilə bağlı istənilən qərarların qəbulunda nəzərə alınır və Dövlət proqramında öz əksini tapan müddəalar da bu tələblərə tamamilə cavab verir”.
SEYMUR
25/10/13 Çap et