Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin “Sağlamlıq – 2013” Respublika Spartakiadasına start verildi
“ABU ARENA” idman kompleksində Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən “Sağlamlıq – 2013” Respublika Spartakiadasının təntənəli açılış mərasimi olub.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısından danışıb və yarış iştirakçılarına uğurlar arzulayıblar.
Qeyd olunub ki, spartakiadanın məqsədi rabitəçilərin asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaratmaq, idmanın kütləviliyini təmin etməkdir.
Mərasimdə 2011-ci ilin oktyabr ayında Qətərin Doha şəhərində keçirilən klublararası Dünya çempionatının qalibi olmuş qadınlardan ibarət “Rabitə” voleybol komandasının və 2012-ci il London Yay Olimpiadasında uğurla çıxış etmiş “Rabitəçi” klubunun boksçularının nailiyyətləri xüsusi qeyd olunub.
Doqquz idman növü (atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı) üzrə keçirilən yarışlarda rabitə və informasiya texnologiyaları sektoruna daxil olan dövlət və özəl müəssisələri ilə yanaşı, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Nəqliyyat və Rabitə Kollecinin də qatıldığı 15 komanda, 700-dən artıq idmançı iştirak edəcək.
26/10/13 Çap et