Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da internet Avropa ölkələrindən daha bahadır



“Open Technology Institute” (OTI) texnoloji proqram nümayəndələrinin keçirdiyi araşdırma müəyyən edib ki, ABŞ-da internet qiymətləri Avropa ölkələrində olduğundan bahadır və sürəti zəifdir. ABŞ-ın abunəçi sayı daha çox olan böyük şəhərlərində vəziyyət daha pisdir. Belə ki, 150 Mbit/s sürətində internetə çıxış Avropada orta qiymət 77 dollar və daha az olduğu halda ABŞ-da 130 dollara başa gəlir.

Amerikalılar mobil internet qiymətlərindən də narazılıq edirlər. Məsələn, “T-Mobile” operatorunda 2 giqabaytlıq trafikin aylıq qiyməti 30 dollar təşkil edir ki, bu da Londonda fəaliyyət göstərən eyni operatorun qiymətindən 2 dəfə bahadır. “ABŞ şəhərində 2 giqabaytlıq trafik istənilən Avropa şəhərindən baha başa gələcək”, - “OTI” nümayəndələri qeyd edir.

Bildirilir ki, araşdırmada dünyanın bütün ölkələri və böyük şəhərləri nəzərə alınmayıb, lakin əldə olunan məlumatlar ABŞ-da internetin baha olması barədə müəyyən təsəvvür yaratmağa imkan verir.
Bundan başqa, araşdırma zamanı ən münasib internet qiymətlərinin Seul və Tokioda (1 giqabit üçün 32 dollar), eləcə də Riqada (500 Mbit/s üçün 9,22 dollar) olduğu aşkar olunub.

ABŞ-da kompleks təkliflərin qiyməti də bahadır. Belə ki, Seulda televiziya, telefon və internet ödənişlərinin daxil olduğu tarif üçün 14,5 dollar (internet sürəti 10 Mbit/s) ödəməli olduğu halda Kanzasda bu göstərici 112 dollar təşkil edir.

“Rəqabətin olmaması maraqlı təkliflərin olmamasında özünü büruzə verir”, - araşdırma müəllifləri vurğulayıb, - "IT Expert www.itexpert.org.ua” yazır.
 




29/10/13    Çap et