“Ultra” - 10 il
Hazırda bəşəriyyət sürətli informasiya- kommunikasiya texnologiyaları (İKT) əsrini yaşayır. İndi cəmiyyətin inkişafını İKT-dən ayrı təsəvvür etmək mümkün deyildir.
Məlum olduğu kimi, 2003-cü ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı onillik milli strategiya qəbul olunub. Azərbaycanın ən böyük sistem inteqratoru olan “Ultra” şirkəti 10 il ərzində həyata keçirilmiş bir sıra layihələrdə Azərbaycanda İKT sektorunun inkişafına öz töhfəsini verib.
2003-cü ildə Azərbaycanda ilk noutbuk brendi yaradıldı. “Nexus” Azərbaycanın İT bazarında müasir texnologiyaların inkişaf etdirilməsi məqsədilə yaradılıb. “Nexus”un istehsalı ən son dünya işləmələri nəzərə alınmaqla təşkil edilib və məhsulun sabit keyfiyyətini təmin edir.
“Ultra” şirkəti “İntel” korporasiyası ilə birgə 2004-сü ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Bakı Biznes Mərkəzində (Milli Park) simsiz internet əlaqəsini işə salıb.
“Ultra” şirkəti “İntel”, “Microsoft”, “İBM”, “HP”, “Cisco”, “Oracle”, “Canon”, “Toshiba”, “Tripp-Lite”, “Lynksys”, “Kingston”, “Sharp”, “AHA”, “Acmis”, “DPA”,”D-link” və bir sıra beynəlxalq şirkətlərin Azərbaycanda rəsmi statuslu tərəfdaşıdır.
Bakı Biznes Mərkəzində 2005-ci ildə “Ultra” şirkətinin təşkilatçılığı ilə MDB-də “İntel” “Sonoma” texnologiyasının premyerası keçirilib.
“Ultra” şirkəti Cənubi Qafqazda müxtəlif tərəfdaş həlləri bazasında biznes-proseslərin kompleks şəkildə avtomatlaşdırılması ilə məşğul olan aparıcı şirkətlərdən biridir. 2006-cı ildə “Ultra” “İntel Core Duo” prosessorlarının region üzrə premyerasını təqdim etdi. Qeyd edək ki, 2001-ci ildən “Ultra” şirkəti “İntel Premier Provider” statusuna malikdir.
“Ultra” şirkəti Azərbaycanda məlumat mərkəzləri, əlaqə mərkəzləri və server otaqlarının qurulması sahəsində aparıcı şirkətlərdən biridir. 2007-ci ildən başlayaraq “Ultra” şirkəti: Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzi, İqtisadi İnkişaf Nazirliyinin Məlumat və Resurs Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat və Hesablama Mərkəzinin server otağı, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin Məlumat və Resurs Mərkəzi,
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Məlumat və Resurs Mərkəzi, Axundov adına Milli Kitabxananın server otaqlarının qurulmasını həyata keçirib.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə 2008-ci ildə “Ultra” şirkəti tərəfindən ən böyük və uğurlu layihə həyata keçirildi - “Elektron Təhsil sistemi”. Bu sistem Azərbaycanın müəllim, şagirdləri və ümumiyyətlə, təhsil sisteminin iştirakçıları üçün tətbiq olunub. Əsas məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə öz töhfəsini vermək, məktəb idarəetmə prosesində və həmçinin orta tədris sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdən ibarətdir.
2010-cu ildə “Təhsil Sisteminin informasiyalaşdırılması üzrə Azərbaycan Respublikasının Dövlət Proqramı” çərçivəsində 20-dən çox məktəbə E- Təhsil sistemi tətbiq edilib.
Ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları, bütövlükdə informasiya cəmiyyətinin formalaşdırılması sahəsində ciddi işlər görülüb.
Elektron Sənəd Dövriyyəsi. 2010-cu ildə ilk dəfə İqtisadi İnkişaf Nazirliyində - “Meqapolis DocNet “ e-Sənəd dövriyyəsi və “HRM-kadrların idarəolunması” sistemi tətbiq olunub. Sistem insan resurslarının və sənəd dövriyyəsinin idarə edilməsi üçün yaradılmış vahid avtomatlaşdırılmış həldir.
Elektron imza layihəsi 2011-ci ildə Rabitə və İnformasiya Texnologiyaları, “Microsoft” və “Azerin” şirkəti tərəfindən ictimaiyyətə təqdim olundu. Elektron imza - Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. İnsanların əl imzalarının, rəqəmli çeviricilərdən keçirilmiş barmaq izləri və səs kimi bioloji əlamətlərinin və kimliklərinin elektron halda doğrulanmasını təmin edən vasitədir. Elektron imza - elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir rəqəmsal koddur.
2011-ci ilin may ayında Azərbaycan hökuməti ilə “Microsoft” şirkəti arasında bütün dövlət orqanlarında lisenziyalı proqram təminatının istifadə edilməsi ilə bağlı “Enterprise Agreement” sazişi imzalanıb. “Enterprise Agreement” sazişinin imzalanmasında əsas məqsəd Azərbaycanda proqram təminatının pirat versiyalarının istifadə səviyyəsini aşağı salmaqdan ibarət idi. Qeyd edək ki, dövlət orqanlarında proqram təminatının lisenziyalaşdırılması layihəsinin operatoru qismində “Microsoft Large Account Reseller” statusuna malik “Ultra” şirkəti çıxış edirdi. “Microsoft” şirkət ilə yüksəksəviyyəli tərəfdaşlıq, “Ultra” şirkətinə, dövlət təşkilatları və iri özəl şirkətlərlə effektiv əməkdaş etməyə imkan yaradır. Şirkət, intellektual mülkiyyətin müdafiəsi sahəsində mühüm dəyişikliklər etmək üçün kifayət qədər təcrübəyə və böyük potensiala malikdir. “Ultra” şirkətinin ölkədə həyata keçirilən çoxsaylı İKT layihələrdə iştirakı bunu bir daha təsdiq edir.
“Bank Standard”, “AMRAHBANK”, “UNİBANK”, “AG BANK”, “EKSPRESSBANK” banklarında “Ultra” şirkəti tərəfindən “ST.Bank .İT .analitika” və hesabat sistemi tətbiq olunub.
“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. “Ultra” tərəfindən “ASAN xidmət” mərkəzinin fəaliyyəti üçün tam İT infrastrukturu yaradılıb. “ASAN xidmət” Xətai, Yasamal, Sumqayıt və Gəncə filiallarında İT infrastruktur üzrə işlər aparılıb. Xidmət mərkəzinin rəsmi veb-səhifəsi də “Ultra” şirkəti tərəfindən hazırlanıb. Layihə ən qısa zaman ərzində reallaşdırılaraq təhvil verilib. Statistikaya görə indiyədək 300 mindən çox vətəndaş xidmətdən yararlanıb. Şirkət tərəfindən həmçinin elektron növbə sistemi, məlumatların idarə olunması üzrə müasir mərkəz, “Call-Center”, İnnovasiyalar mərkəzi yaradılıb.
“Ultra” şirkəti bir çox veb-saytların yaradıcısıdır: “Eurovision.az” saytı, Azərbaycan Respublikası Təhsil portalı, Heydər Əliyev Fondu , Heydər Əliyev Mərkəzi , Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi səhifəsi, Leyla Əliyevanın rəsmi səhifəsi, Heydər Əliyev Fondu “Fly to Baku”, “Azerbaijan Pavilion la Biennale di Venezia” saytlarının yaradıcısıdır.
2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə E-kitabxana layihəsi realizə olundu. “ALİSA” sistemi ən son texnologiyaların tətbiqi ilə işlənib hazırlanmış veb-əsaslı sistemdir. Sistem “MARC21”, “İSO2109”, “UNİCODE”, “Z 3950” və digər standard və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb, kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir.
“Ultra” şirkətinin direktoru Zaur Məmmədzadə bildirdi:
“Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və yüksək sürətlə inkişaf etməsi danılmaz bir faktdır. Bizim şirkət yaranan ilk gündən etibarən Azərbaycanın İT bazarında fəaliyyət göstərir. Biznes proseslərinin daim optimallaşdırılmasına, İT infrastruktur, data mərkəz, inteqrasiya sistemləri, texniki dəstək, müasir avadanlıq, proqramlaşdırma, praktik təcrübə və sabit artım dinamikası haqqında topladığımız biliklər nəticəsində şirkətimiz keyfiyyətli xidmətlər və məhsullar təqdim edir. Şirkətimizin bugünkü inkişaf dinamikasını sürətləndirmək və daim yeniliklər (Always Innovation) etmək üzərində böyük bir heyət işləyir və növbəti il üçün şirkətimizin əsas məqsədi regional kompleks həllər təklif edən şirkətə, növbəti 10 il üçün isə Avropanın lider şirkətlərindən birinə çevrilməkdir”.