Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tayvan “Apple” şirkətinə şikayət məktubu göndərib
Tayvan hakimiyyəti ABŞ-ın “Apple” şirkətindən səhvi düzəltməyi tələb edib: “iOS7” və “OS X 10.9” yeni əməliyyat sistemlərində (ƏS) quraşdırılmış xəritələrdə ada dövləti Çinin ərazisi kimi göstərilib. Bu barədə Tayvan Xarici İşlər Nazirliyinə istinadən Britaniyanın “The Telegraph” qəzeti yazıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, “Apple”ın xəritəsinin yeni versiyasında Tayvan "Tayvan əyaləti, Çin" kimi qeyd olunub. Şirkətin yeni kompüter və mobil telefonlarında "Tayvan" sözünü axtarışa verdikdə eyni nəticə alınır.
Ada dövlətin hakimiyyəti deyib ki, artıq korporasiyaya səhvi aradan qaldırmağı tələb edən rəsmi şikayət məktubu göndərilib. "Xəritələrdə göstərilmiş işarə həqiqətə uyğun deyil və Tayvanın suverenliyi üçün təhqiredicidir" – Tayvan Xarici İşlər Nazirliyinin Şimali Amerika münasibətləri departamentinin direktoru Kelli Se deyib.
1949-cu ildə öz müstəqilliyini elan etmiş Tayvan hazırda qismən tanınan dövlət statusuna malikdir. 20-dən çox ölkə ada dövləti ilə diplomatik münasibətlər qurub, lakin Tayvan hələ ki BMT-yə üzv olmayıb. Çin Xalq Respublikasının rəsmi hakimiyyəti adanı öz əyaləti hesab edir və vaxtaşırı onun ərazisinə öz iddialarını bildirir.
Emil Hüseynov
30/10/13 Çap et