Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

19-cu “Bakutel” sərgi və konfransında təşkil olunacaq tədbirlərin tarixləri müəyyənləşib


19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı "Bakutel" 2-5 dekabr tarixlərində "Bakı Expo" Sərgi və Toplantı Mərkəzində keçiriləcək.
 
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun rəsmi dəstək verdiyi "Bakutel-2013" sərgi-konfransı çərçivəsində bir sıra nüfuzlu tədbirlərin təşkili nəzərdə tutulur.
 
Tədbirlərin siyahısına gəlincə, müəyyənləşən qrafikə əsasən,  "Kibertəhlükəsizlik üzrə konfrans" (Global Cyber Security Cooperation: Challenges and Visions) 2-3 dekabr, "Azərbaycan-İraq Hökumətlərarası Komissiyanın iclası" 3-4  dekabrda keçiriləcək.
 
 Eyni zamanda "Azərbaycan-Argentina İKT Forumu"nun 3-4  dekabr, "Azərbaycan-ABŞ İKT Forumu"nun isə 2-3  dekabr tarixlərində təşkili nəzərdə tutulur. "BakuTel-2013" çərçivəsində "Dünya Azərbaycanlılarının I Virtual Konfransı"nın təşkili də planlaşdırılıb və bu konfrans dekabrın 5-də keçiriləcək.
 
 "Ölkəmizdə yaranmış milli startaplara dəstəyin verilməsi" 2-5 dekabr, "TASİM konsorsiumunun əsas telekom operatorlarının illik toplantısı" 2 dekabr, "Azərbaycan Respublikasının "İnternetin lokomotiv şəkildə regional inkişafı və irəliləyişi" mövzusunda keçiriləcək ilk milli İnternet İdarəçilik Forumu" (The First National Internet Governance Forum of the Republic of Azerbaijan (NIGFAZ 2013) will be convened in fabulous Baku city based on the theme of "Internet as an Engine for Regional Growth and Advancement") 2-5 dekabr, Azərbaycan Respublikasında İKT üzrə Dövlət və  Özəl sektor Tərəfdaşlığı Mütəxəssislər Mərkəzinin yaradılması ilə bağlı tədbir (The Establishment of PPP Specialist Centre for ICT/Broadband in Baku, Azerbaijan) 2 dekabr, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının "Biliklərə əsaslanan inkişaf üzrə "SPECA" layihəsinin işçi qrupu"nun iclası (The Economic and Social Commission for Asia and the Pacific (UNESCAP) event on Regional Connectivity based on "SPECA Project Working Group on Knowledge Based Development") isə 3-5 dekabr tarixlərində keçiriləcək.
 
Qeyd edək ki, 1995-ci ildən hər il keçirilən "Bakutel" sərgisinin ənənəvi bölmələrinə "Telekommunikasiya və şəbəkələr", "Genişzolaqlı rabitə və texnologiyalar", "Kabel və simsiz rabitə", "Peyk rabitəsi və texnologiyaları", "Televiziya və radioyayım avadanlıqları və texnologiyaları", "Proqram təchizatı və avtomatlaşdırma sistemləri", "İT və ofis texnologiyaları", "Təhlükəsizlik sistemləri", "Bank texnologiyaları və xidmətləri", "e-hökumət və e-təhsil" daxildir. Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi olan "Bakutel" ötən il digər beynəlxalq əhəmiyyətli tədbirlə - 100-dən artıq ölkədən 1500-dən artıq nümayəndəni bir araya gətirən İnternet İdarəçilik Forumunun (İİF) 7-ci konfransı ilə eyni məkanı paylaşıb.
 
Həqiqət İSABALAYEVA




31/10/13    Çap et