Açıq məlumatlar - “Elektron hökumət” (www.e-gov.az) həllərində yeni mərhələdir
“Elektron hökumət” quruculuğu istiqamətində dünyada liderlik edən ölkələrdə artıq yeni tendensiya müşahidə olunmaqdadır. Daha doğrusu, onlar bunun – “e-government 3.0” və ya “Open Data”nın tətbiqinə artıq başlayıblar.
Məsələn, Cənubi Koreya dövləti artıq bu mərhələyə qədəm qoyan ölkələr sırasındadır və ölkədə yeni tətbiqlə bağlı əldə edilən uğurlu nəticələr göz qabağındadır. “E-government 3.0” və “Open Data” özündə bir sıra mahiyyətləri ehtiva edir.
Belə ki, “Açıq Elektron Hökumət” - hökumət əməliyyatları üçün yeni sistemdir. Onun məqsədi ayrı-ayrı şəxsləri fərdiləşdirilmiş xidmətlərlə təmin etmək, ictimai məlumatları açıq şəkildə yayaraq istənilən sahədə iş quruculuğuna və yaradıcı iqtisadiyyata dəstək olmaq, eləcə də dövlət qurumları arasındakı baryerləri aradan qaldırmaqdır. “Açıq Elektron Hökumət” yalnız metodoloji nöqteyi-nəzərdən deyil, eyni zamanda istifadəçilərin tələblərinə uyğun olaraq, dəqiq strukturlar əsasında təqdim edilir. Bu struktur özündə açıq məlumatlar, paylaşma, ünsiyyət və əməkdaşlıq prinsiplərini əks etdirir.
Açıq məlumatlar - dövlət orqanlarının və yerli hakimiyyət orqanlarının fəaliyyəti haqqında insan tərəfindən dəyişiklik edilmədən təkrar istifadə məqsədilə avtomatik emalı təmin edilən, internetdə şəbəkə formatında yerləşdirilmiş məlumatlardır. Daha sadə desək, açıq məlumatlar istənilən şəxsin azad istifadə edə biləcəyi və paylaşa biləcəyi məlumatlardır. Bu məlumatların yerləşdirilməsindən asılı olmayaraq, istənilən şəxs tərəfindən qanuna müvafiq şəkildə istifadə edilə bilər. Açıq məlumatlar dövlət orqanları tərəfindən təfərrüatlı şəkildə elektron formatda təqdim edilir. Bu məlumat toplusu şəxsi məlumatları, ticarət və dövlət sirlərini özündə birləşdirmir. İnformasiyanın əldə edilməsi məlumatı təqdim edən orqanın göstərdiyi tələblərə uyğun şəkildə aparılır və öz ilkin formasında təqdim olunur.
Açıq məlumatlar müəyyən prinsiplər əsasında təqdim edilir. Bu prinsiplərə misal olaraq aşağıdakıları göstərmək olar:
-
Qeydiyyatsız istifadə;
-
Məlumatın tamlığı;
-
Daim əldə edilən və yenilənən;
-
Sadə və rahat istifadə olunan və yüklənə bilən format;
-
Tələb olunan standartlara uyğunluq.
-
Məlumatların açıq formatda yerləşdirilməsinin əsas funksiyası iş dünyasının, eləcə də cəmiyyətin bütün üzvlərinin maksimal dərəcədə beynəlxalq, siyasi, sosial və iqtisadi effekt əldə etməsidir. “Açıq Elektron Hökumət” sisteminin əsasını “Şəffaf hökumət”, “Tələblərə cavab verən hökumət”, “Xidmət yönümlü hökumət” anlayışları təşkil edir. “Şəffaf hökumət” - cəmiyyəti hökumətin fəaliyyətindən xəbərdar saxlayan, vətəndaşların gündəlik həyatlarına təsir edən məlumatları açıq şəkildə paylaşan, vətəndaşlarla daim əlaqədə olan, vətəndaşların dövlət əhəmiyyətli işlərdə iştirakı və onlarla əməkdaşlıq üçün çoxşaxəli vasitələr təmin edən və s. sistem anlayışıdır.
“Tələblərə cavab verən hökumət” isə nazirliklər arasında baryeri aradan qaldırmaqla, onların strukturlarını təşkilat əsasında olmaqdan tələb əsasında olmağa doğru dəyişərək nəticə əldə edir. Bütün məlumatların nazirliklər arasında paylanmasını təmin edərək hökumətin əməliyyat sistemini inkişaf etdirən sistem anlayışıdır.
“Xidmət yönümlü hökumət” - fərdiləşdirilmiş xidmətləri təmin edən, kiçik və orta ölçülü bizneslərə dəstək olan, ehtiyacı olan insanlarla üz-üzə əlaqəni təmin edən, smart informasiya texnologiyalarını istifadə edərək insanların gündəlik həyatları ilə sıx əlaqəli xidmət sahələri üçün mobil xidmətlər təmin edən sistem anlayışıdır.
“Elektron hökumət” portalının operatoru funksiyasını həyata keçirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən portaldan vətəndaşlara aid fərdi məlumatlar üzrə arayış, lisenziya, sertifikat və s. rəsmi sənədlərin (diplomun surəti, kupça, müxtəlif vəsiqələr və s. ) avtomatlaşdırılmış şəkildə təqdim olunması və yoxlanılması ilə bağlı elektron xidmət hazırlanmışdır. Hal-hazırda xidmətin reqlamenti və hüquqi qüvvəsini tənzimləyən qaydaların hazırlanması üzərində işlər aparılır. Xidmətin hazırlanması üçün Azərbaycan Respublikasının “Fərdi Məlumatlar haqqında” Qanununun 7-ci maddəsinin 7.1.3 bəndi, “İnformasiya əldə etmək haqqında” Qanununun 38-ci maddəsinin 38.6.6-ci bəndi və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli 5 fevral 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin 1.2-ci bəndləri əsas götürülmüşdür. Bu tip xidmətlərin hazırlanması, texnoloji imkanların təqdim edilməsi və bu texnologiyadan digər xidmət təminatçıları tərəfindən müxtəlif fərdi məlumatların, rəsmi sənədlərin verilməsində istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmçinin “Fərdi məlumatlar haqqında” qanuna əsasən, vətəndaşın razılığı əsasında ona aid fərdi məlumatların bu məlumatları tələb edən quruma ötürülməsi servislərinin təqdim edilməsi də nəzərdə tutulmuşdur.
Açıq məlumatlar – “e-government 3.0” istiqamətində ilk xidmət kimi təqdim ediləcək fərdi məlumatlar haqda arayışların verilməsi xidməti özəl sektorda da bir sıra xidmətlərin sadələşməsinə imkan verəcəkdir. Nəticədə isə vətəndaş və özəl sektor məmnunluq, rahatlıq, şəffaflıq, operativlik əldə etmiş olacaqdır. Beləliklə, istifadəçilər “www.e-gov.az” portalına daxil olaraq, müvafiq xidmətin göstərilməsi və yoxlanılması xidmətlərindən istifadə edə biləcəklər.