Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək
AMEA Rəyasət Heyətində Tallin Universitetinin (Estoniya) İnformasiya Tədqiqatları İnstitutu bölməsinin professoru Sirje Virkus və dosenti Aira Lepik ilə görüş keçirilib.
Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın akademik-katibi, professor Rasim Əliquliyev, institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev və institutun dissertantı Sahib Kazımov da iştirak ediblər.
AMEA-dan bildirilib ki, ölkədə informasiya cəmiyyəti quruculuğu istiqamətində görülən məqsədyönlü işlərdən və dövlət siyasətinin əsas hədəflərindən söhbət açan R.Əliquliyev İTİ-nin əsas fəaliyyət istiqamətlərinin informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif problemlərinin araşdırılması olduğunu bildirib.
S.Virkus təmsil etdiyi elmi qurumun fəaliyyəti haqqında məlumat verərək İnformasiya Tədqiqatları İnstitutunda informasiya və kommunikasiya elmi sahəsində bakalavr, magistr və doktorantura proqramlarının həyata keçirildiyini deyib. Qurumun informasiya və bilik idarəçiliyi, rəqəmli kitabxanalar və elmi təşkilatlarda informasiyanın idarəolunması kimi istiqamətlərindən söz açıb.
Sonra Tallin Universitetinin İnformasiya Tədqiqatları İnstitutu ilə AMEA İTİ arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
Sənəddə müvafiq sahədə birgə konfrans və seminarların təşkili, innovativ layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb. Görüşdə həmçinin AMEA ilə Estoniyanın müxtəlif elmi qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Həqiqət İSABALAYEVA
01/11/13 Çap et