Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mərkəzləşdirilmiş Kredit Reyestrində 1 milyondan artıq borcalan haqqında məlumat toplanıb
Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) 2013-cü ilin III rübündə 43 bank və 25 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Mərkəzi Bankdan (MB) bildirilib ki, dövr ərzində reyestrdə 1,602,095, o cümlədən banklar və BOKT-lər tərəfindən 1,598,356 sorğu həyata keçirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı (III rüb, 2012 – 652,949) 2.45 dəfə artmışdır. 3,737 şəxs (III rüb, 2012 – 1,342) öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib. Dövrün sonunda MKR-də haqqında məlumat toplanmış borcalanların
sayı 1,845,414, kredit məlumatlarının sayı 5,906,613, cəmi zaminlərin sayı isə 700,524 olub: “Tam ödənilmiş kreditlər haqqında məlumatlar, habelə həmin məlumatların aid olduğu borcalan və zaminlər də statistikaya daxildir”.
Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditlər haqqında məlumatlar toplanılır. Bu məlumatlardan istifadə hüququ kredit müraciətçisini qiymətləndirmək məqsədilə yalnız banklara, bank olmayan kredit təşkilatlarına, habelə haqqında məlumat toplanmış şəxslərə məxsusdur. MKR bankların və “Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının cari və potensial borcalanlarının ödəmə qabiliyyəti haqqında məlumatlar almaq, borcalanların icra intizamını və borcalma nüfuzunun qorunmasını təşviq etmək, habelə bankların və BOKT-lərin kredit risklərini azaltmaq məqsədi daşıyır.
Həqiqət İSABALAYEVA
01/11/13 Çap et