Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ aviasərnişinlərinə uçuş zamanı elektron qurğulardan istifadəyə icazə verilib


ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) təyyarə göyərtəsində elektron qurğulardan istifadəyə dair qaydaları yeniləyib. Bu barədə “FAA”-nın məlumatında deyilir.

Belə ki, indi uçuş zamanı sərnişinlərə təyyarənin qalxması və enməsi daxil olmaqla elektron qurğulardan istifadəyə icazə verilir. Lakin bu zaman telefonlarda “Uçuş rejimi” funksiyası aktivləşdirilməli və ya mobil modul söndürülməlidir. Bundan başqa, “Wi-Fi” (təyyarə göyərtəsində internetə simsiz çıxış xidmətini əksər aviaşirkətlər təqdim edir) və “Bluetooth” texnologiyalarından da istifadəyə icazə verilir.

“FAA” nümayəndələri bildiriblər ki, sərnişinlər qurğularında elektron kitablar oxuya, oyun oynaya və videoya baxa bilərlər. Bununla yanaşı, “FAA” təhlükəsizlik üzrə təlimatlar verilən zaman qurğulardan istifadə etməyərək kənara qoymağı tövsiyə edib. Həmçinin sərnişinlərə qalxma və enmə zamanı ağır qurğuları kreslo altına yerləşdirmək və ya oturacağın altındakı baqaja qoymaq məsləhət görülüb. 

Lakin bəzi hallarda ekipaj sərnişinlərdən qurğuları söndürməyi tələb edə bilər. Bu, məsələn, pis hava şəraitində təyyarənin qalxması və enməsi anında ola bilər.

“FAA” təyyarələrin göyərtəsində uçuş zamanı elektronikadan istifadəyə dair qərarı ekspert komissiyasının gəldiyi nəticələrdən sonra qəbul edib. Komissiyaya aviaşirkət və mobil qurğu istehsal edən şirkətlərin nümayəndələri, pilotlar, təyyarə istehsalçıları daxildir. 

ABŞ Federal Mülki Aviasiya İdarəsi onu da qeyd edib ki, göyərtədə qurğulardan istifadəyə dair son icazəni aviaşirkətlər özlərində yoxlamalar apardıqdan sonra verəcək. İdarə nümayəndələrinin fikrincə, ABŞ-ın əksər aviaşirkətləri cari ilin sonunadək qadağanı ləğv edəcək. Belə ki, “Delta” aviaşirkəti sərnişinlərinə artıq noyabrın 1-dən elektron qurğulardan istifadəyə icazə verib, - "Lenta www.lenta.ru” yazır.    




01/11/13    Çap et