Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində “Vikitəlim”lər davam edir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi çərçivəsində Vikipediya ilə bağlı  növbəti təlim sabah - noyabrın 2-də Şirvan şəhərində keçiriləcək.

Təlimdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək.
 
Bundan başqa, təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzularda da məlumatlandırılacaqlar. İştirakçılar praktiki tapşırıqlar da yerinə yetirəcəklər.
 
 
Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.
 
Həqiqət İSABALAYEVA




01/11/13    Çap et