Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda teleradio yayımına lisenziyaya görə dövlət rüsumu azaldılıb
Azərbaycanda teleradio yayımı üçün lisenziyanın verilməsinə görə dövlət rüsumunun məbləği aşağı salınıb. Prezident İlham Əliyev 2002-ci il 2 sentyabr tarixli «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Əvvəlki fərmana əsasən, teleradio yayımına verilən lisenziyaya görə dövlət rüsumunun məbləği 11 min manat təşkil edib. Budəfəki dəyişikliklərdən sonra isə bu məbləğ müxtəlif fəaliyyət növləri üzrə azaldılıb. Belə ki, dəyişikliklərdən sonra yalnız ümumrespublika televiziya yayımı üzrə lisenziyaya dövlət rüsumu 11 min manat həddindədir. Əvəzində Bakı şəhəri üzrə televiziya yayımına görə bu məbləğ 5,5 min manat, regional televiziya yayımına görə 3 min manat, ümumrespublika radio yayımına görə 5 min manat, Bakı şəhəri üzrə radio yayımına görə 2,5 min manat, regional radio yayımı və əlavə informasiya yayımına görə 1 min manat, abonentlərinin sayı 5 minədək olan kabel şəbəkəsi yayımı 3 min manat, abonentlərinin sayı 5 mindən yuxarı olan kabel şəbəkəsi yayımına görə 5 min manat, peyk yayımı üçün 1 min manat təşkil edir.
Xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyətə lisenziyaya görə rüsumun məbləği də 1 min manat nəzərdə tutulub.
12/08/11 Çap et