Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şahbuz və Babək rayonlarında yeni texnologiyaların tətbiqinə başlanılıb
Naxçıvanın telekommunikasiya şəbəkəsi yeni nəsil NGN (Next Generation Networking) texnologiyası əsasında yenidən qurulur. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, muxtar respublika ərazisində Yeni Nəsil Telekommunikasiya Sisteminə keçid 4 mərhələdə həyata keçirilir. Artıq 3-cü mərhələnin icrası ilə əlaqədar Şahbuz və Babək rayonlarında da yeni texnologiyaların tətbiqinə başlanılıb. Şahbuz və Babək rayonlarında qurulacaq yeni sistem üçün avadanlıqlar Naxçıvana gətirilib, hazırda montaj-tənzimləmə işləri həyata keçirilir. Cari ilin sonuna kimi işlərin başa çatdırılması və sistemin istifadəyə verilməsi nəzərdə tutulur.
Şahbuz rayonu ərazisində mövcud olan avtomat telefon stansiyaları tamamilə, Babək rayonunun isə qalan əraziləri yeni NGN avtomat telefon stansiyaları ilə əvəz ediləcək. Şahbuz şəhərində 1536, Qarababa 512, Kolanı, Sələsüz, Keçili kəndlərinin hər birində 384, Kulus, Kükü, Biçənək kəndlərində 288, Badamlı qəsəbə, Şahbuzkənd, Qızıl Qışlaq, Nursu, Ağbulaq kəndlərində 256, Aşağı Qışlaq kəndində 320, Yuxarı Qışlaq kəndində isə 192 nömrə tutumlu yeni nəsil telekommunikasiya sistemi qurulacaq.
Bundan əlavə, Babək rayonunun Cəhri kəndində 1024, Şıxmahmud, Qahab, Kərimbəyli kəndlərinin hər birində 512, Sirab kəndində 448, Zeynəddin kəndində 416, Kültəpə, Uzunoba, Didivar kəndlərində 384, Vayxır, Xalxal, Xəlili, Nəzərabad, Məmmədrzadizə kəndlərində 256, Məzrə 320, Buzqov 288, Payız kəndində isə 128 nömrə tutumlu yeni avtomat telefon stansiyaları quraşdırılacaq. NGN texnologiyasının tətbiqindən sonra ADSL internet portlarının sayını istənilən qədər artırmaq mümkün olacaq ki, bu da region abunəçiləri üçün daha keyfiyyətli, daha təhlükəsiz rabitə xidməti ilə yanaşı, genişzolaqlı internetdən istifadəyə geniş imkan yaradacaq.
Yeni nəsil telekommunikasiya sistemi istifadəçilərə İPTV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, çox sayda servis xidmətlərindən istifadə etmək imkanı verir. Bura çıxış və giriş zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, birbaşa və cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, daxili telefon xidməti və s. xidmətlər aiddir.
Qeyd edək ki, bu sistem 2010-cu ilin may ayından başlayaraq Naxçıvan şəhəri, Babək qəsəbəsi, Nehrəm və Yarımca kəndlərində, 2012-ci il mart ayından isə Şərur və Sədərək rayonlarında istismar olunur.
CAHANGİR
02/11/13 Çap et