Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada smartfon bazarının həcmi son beş ildə ilk dəfə azalıb


Yaponiya bazarında xarici və yerli istehsalçılar tərəfindən tədarük edilən smartfonların sayı 2013 maliyyə ilinin birinci yarısında 12,16 milyon olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5% azdır. Statistik məlumatların toplanılması ilə məşğul olan Yapon elmi tədqiqat institutunun hesabatında deyilir ki, bu göstərici son beş ildə ilk dəfə azalıb.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki,  ekspertlər bu vəziyyəti bu ilin yayında yerli elektronika istehsalçıları “NEC Corp” və “Panasonic” şirkətlərinin öz məhsuluna aşağı tələbata görə smartfon bazarını tərk etməsi ilə əlaqələndirirlər.

Yaponiyada mobil qurğuların satış həcminə görə Amerikanın “Apple” korporasiyası liderlik edir, ikinci yerdə “Sony”, üçüncüdə “Sharp Corp” qərarlaşıb. Bu halda qeyd edək ki, “Apple”ın əsas rəqibi Cənubi Koreyanın “Samsung” korporasiyası Yaponiyanın smartfon bazarının təqribən 10%-nə nəzarət edir və yalnız beşinci pillədə yer alıb.

Emil Hüseynov




04/11/13    Çap et