Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT-nin sessiyasında Azərbaycanın elektronlaşma istiqamətində gördüyü işlərdən danışılıb
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının sessiyası keçirilib. Sessiyada Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri fəaliyyətləri və ölkədə elektronlaşma istiqamətində görülən işlər haqqında məlumat veriblər. Bu barədə "ICTnews"a komitənin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bu ildən etibarən, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna sədrlik edir.
İsveçrənin Cenevrə şəhərində yerləşən BMT-nin Millətlər Sarayında təşkil edilən tədbirdə Mənzil Təsərrüfatı və Əmlak İdarəçiliyi Komitəsinin vəzifə və funksiyaları, 2012-2013-cü illər üçün İş Planının icrası ilə bağlı dayanıqlı mənzil təsərrüfatçılığı, AİK regionunda enerji baxımından səmərəli mənzil istismarı məsələləri müzakirə edilib. Eyni zamanda, şəhərlərin inkişafı ilə əlaqədar şəhər infrastrukturunun düzgün qurulması, şəhərlərdə demoqrafik inkişaf tendensiyaları və digər bu kimi məsələlər müzakirə mövzusu olub.
Görüşdə adıçəkilən komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycanda əmlakın qeydiyyatının müasirləşdirilməsi və daha da şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi, müddətlərin qısalması, modern idarəetmə sistemlərinin və elektron xidmətlərin tətbiqi həyata keçirilib.
Eyni zamanda, sədr müavini çıxışında daşınmaz əmlakın vahid kadastrı və dövlət reyestrinin aktual məsələləri, ünvan reyestrinin yaradılması, sosial-iqtisadi layihələr, eləcə də bununla əlaqədar beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən ardıcıl tədbirlər barədə geniş məlumat verib.
SEYMUR
04/11/13 Çap et