Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Belçikada AMEA-nın elmi-tədqiqat və innovasiya sahəsində irəli sürdüyü təkliflər müzakirə olunacaq


Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə Alt-komitənin ikincisi iclası davam edir.
 
 Azərbaycan Milli Elmlər Akademiyasının (AEMA) məlumatına görə, tədbirdə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov da iştirak edir.
 
Səfər zamanı Avropa İttifaqının elm və innovasiyaya dair “Horizon-2020” 8-ci Çərçivə Proqramının müzakirəsi də nəzərdə tutulur. Proqram Avropa Birliyi ölkələri və Azərbaycan Respublikasının da daxil olduğu Şərq tərəfdaşlığı ölkələri ilə elmin inkişafı, yüksək texnoloji sənayenin yaradılması və cəmiyyətin inkişafı sahələrində əməkdaşlıq məqsədi daşıyır.
 
Üç gün davam edəcək səfər çərçivəsində elmi-tədqiqat və innovasiya sahəsində AMEA-nın bir sıra təklifləri də müzakirə olunacaq.
 
Həqiqət İSABALAYEVA




04/11/13    Çap et