Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də “Bakutel-2013 sərgi-konfransına hazırlıq müzakirə olunub


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində  (RİTN) "Bakutel-2013" telekommunikasiya sərgi-konfransı ilə bağlı qrup rəhbərlərinin növbəti hazırlıq iclası keçirilib.
 
 İclasda  Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Bakutel-2013" telekommunikasiya sərgi-konfransının ölkə, region və ümumilikdə dünya üçün kəsb etdiyi əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan sözügedən tədbirlər əhəmiyyət baxımından digərlərindən fərqlənir.
 
 2013-cü ilin "İKT ili" olduğunu xatırladan nazir müavini Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə, həm də dünyaya hərtərəfli çatdırılmasının vacibliyini qeyd edib: "Bu il keçirilən "Bakutel-2013" sərgisi mahiyyət və tərkib baxımından da fərqlənir. "Bakutel" çərçivəsində 12-yə yaxın paralel tədbirin keçirilməsi planlaşdırılıb. Bununla belə, çox əhəmiyyətli bir mövzuda – kibertəhlükəsizlik məsələlərinə həsr edilmiş konfrans keçiriləcək. Bu, bütün dünyanın diqqətində olan məsələdir. İnternet forumu ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, ikitərəfli biznes-forumların düzənlənməsi planlaşdırılan məsələlərin tərkib hissəsidir".
 
Daha sonra bildirilib ki, "Bakutel-2013" telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində Regional Rabitə Birliyinin  üzvlərinin görüşü nəzərdə tutulub. Bu zaman bir sıra məsələlər müzakirə olunacaq və çıxışlar dinləniləcək.
 
Qeyd edək ki, "Bakutel-2013" çərçivəsində dünya Azərbaycanlılarının I virtual konfransına da start veriləcək. Bu konfransı RİTN ilə Diasporla iş üzrə Dövlət Komitəsi birgə keçirəcək. Bu zaman dünyanın 8 dayaq nöqtəsindən konfransa birbaşa bağlantı olacaq. Bu zaman 20-yə yaxın ölkədə yaşayan soydaşlarımızın onlayn konfransa qoşulması nəzərdə tutulub.
 
Seymur Qasımbəyli




05/11/13    Çap et