Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müəssisə və təşkilatlarda 806 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) cari ilin ilk 10 ayında müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə baxış keçirib.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə DRİ-dən məlumat verilib. DRİ bildirir ki, idarənin Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən sözügedən müddətdə iş planına, DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən 698 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 806 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 260 ədədi möhürlənib, 34 ədədi istismardan çıxarılıb (silinib), 117 ədədi qeydiyyata salınıb və 395 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 52 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
SEYMUR
06/11/13 Çap et