Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda məişət zorakılığı edən şəxslərin məlumat bankı hazırlanıb
Azərbaycanın ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı edən şəxslərin məlumat bankının yaradılması üzrə işləri başa çatdırıb.
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda məlumat bankı testləşdirmə mərhələsini keçir.
“Gələn ildən etibarən məişət zorakılığı edən şəxslərin məlumat bankı istifadəyə veriləcək. Bu məlumat bankı Azərbaycan hökumətinin məişət zorakılığı etmiş şəxslərin profilaktik uçotu və tərbiyəvi-profilaktik işlərin aparılması qaydaları əsasında yaradılıb”,- deyə komitədə bildiriblər.
Məlumat bankının yaradılmasında əsas məqsəd, cinayət xarakteri daşıyan və daşımayan məişət zorakılığı hallarının dəqiq sayının müəyyən edilməsi, Daxili İşlər Nazirliyindən, məişət zorakılığı qurbanlarının müraciət etdikləri sosial reabilitasiya mərkəzlərindən məlumatların toplanmasıdır.
“Bütün bunlar bu sahədə real vəziyyəti aydınlaşdırmaq üçün tələb olunan dəqiq statistikanı müəyyən etməyə və bu halların qarşısının alınmasına, ailələrdə normal münasibətlər yaratmağa və bu halların nəticələrini aradan qaldırmağa imkan verir”, - deyə komitədə qeyd ediblər.
Aynur Vəliyeva
06/11/13 Çap et