Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Sony” şirkətini “sındırdı”


Özlərini Lulz Security adlandıran hakerlər qrupu iddia ediblər ki, “Sony” şirkətinin oyun şəbəkəsini sındırmaq və onun milyondan çox istifadəçilərinin şifrələrini, poçt ünvanlarını və digər şəxsi məlumatlarını ələ keçirmək onlara müyəssər olub. Bu qrupun bəyanatında deyilib ki, SonyPictures.com saytının işlədiyi serverlərə giriş əldə edilib.
“Sony” şirkəti isə bu istiqamətdə daxili araşdırma aparır.
Xatırladaq ki, aprel ayında da hakerlər “Sony”nin oyun şəbəkəsinə girmiş və 77 milyon hesabdan şəxsi məlumatları ələ keçirmişdilər. Bu qırma internet tarixində ən əhəmiyyətli haker hücumu hesab edilmiş və şirkətin xidmətlərinin 1 aydan çox müddətə bağlanmasına gətirib çıxarmışdı. Lulz Security qrupunun saytında dərc edilmiş bəyanatda deyilir ki, qrup üzvləri verilənlər bazasının müdafiə sistemini sındırıblar. Məlumat üçün bildirək ki, bu bazada “Sony” şirkətinin müştəriləri haqqında şifrələnməmiş şəxsi informasiya saxlanılır. "Bizə sistemdəki yeganə boşluq hesabına ordakı bütün informasiyanı çıxarmaq mümkün olub. Sadə hücumlardan belə müdafiə oluna bilməyən şirkətə nə üçün belə etibar edirsiniz?”
Qeyd edək ki, sözügedən qrup bu yaxınlarda PBS korporasiyasının Amerika ictimai radio yayım saytını qırması məsuliyyətini də öz üzərinə götürüb.




03/06/11    Çap et