Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurası yaradılıb
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurası yaradılıb. Bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək şuranın yaradılmasının zəruriyyətindən danışıb.
O, belə bir təşəbbüsün AMEA-da aparılan islahatlar çərçivəsində mühüm addımlardan biri olduğunu bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev isə çıxışında vurğulayıb ki, ölkədə elmi tədqiqatların nəticələrinin iqtisadiyyatın müxtəlif sferalarına geniş tətbiqi zərurəti yaranıb. Bu, elmi fəaliyyət sahəsində innovativ mexanizmlərin tətbiqi istiqamətində islahatların həyata keçirilməsinin vacibliyini də önə çıxarır.
Elmi fəaliyyətə yönəldilən maliyyə vəsaitlərinin səmərəliliyinin artırılması üçün müasir standartlara uyğun tədqiqatların beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməsi mexanizminin tətbiqi qarşıda duran mühüm məsələlərdəndir.
Həqiqət İSABALAYEVA
07/11/13 Çap et